Azərbaycan-Türkiyə birgə Hökumətlərarası Komissiyanın iclası keçirilib, sənədlər imzalanıb
Bakıda Azərbaycan ilə Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın 10-cu iclası keçirilib.
Nazirlər Kabinetindən Ordum.az-a bildirilib ki, Azərbaycanın Baş naziri Əli Əsədovun və Türkiyənin vitse-prezidenti Fuat Oktayın həmsədrliyi ilə keçirilən iclasda hər iki ölkənin müvafiq dövlət qurumlarının rəhbərliyi iştirak edib.
İclası giriş sözü ilə açan Baş nazir Ə.Əsədov cari ildə diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümünü qeyd edən Azərbaycan ilə Türkiyə arasında münasibətlərin bu gün strateji tərəfdaşlığın və müttəfiqliyin ən yüksək zirvəsinə çatdığını bildirib, dövlət başçılarımızın şəxsi dostluq və qardaşlığını, onların yüksək qarşılıqlı etibara, inama və hörmətə əsaslanan şəxsi münasibətlərini bunu şərtləndirən ən əsas amil kimi dəyərləndirib.
44 günlük Vətən müharibəsi zamanı Azərbaycana göstərilən siyasi-mənəvi dəstəyə görə Türkiyənin rəhbərliyinə və bütün qardaş türk xalqına dərin təşəkkür ifadə olunub.
Qeyd edilib ki, Şuşa Bəyannaməsinin imzalanması Azərbaycan-Türkiyə münasibətlərini daha da möhkəmləndirərək onları müttəfiqlik səviyyəsinə qaldırdı, iki ölkə arasında dostluq və qardaşlığın nümunəvi xarakterini bütün dünyaya nümayiş etdirdi.
Vurğulanıb ki, son illər ərzində Azərbaycan-Türkiyə əlaqələri prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın qətiyyətli səyləri nəticəsində ikitərəfli formatdan çıxaraq, artıq regional faktora çevrilib.
İki ölkənin müxtəlif sahələrdə, xüsusilə iqtisadiyyat, ticarət, sərmayə qoyuluşu, nəqliyyat-tranzit, enerji, sənaye, kənd təsərrüfatı və digər istiqamətlərdə uğurlu əməkdaşlığı təqdir edilib.
2022-ci ilin yanvar-sentyabr aylarında qarşılıqlı ticarətin 34 % artaraq 4,35 milyard ABŞ dollarına çatdığı bildirilib, post-pandemiya dövründə iqtisadi-ticari əməkdaşlığın əhatə dairəsinin daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğu diqqətə çatdırılıb. Bu baxımdan Azərbaycan-Türkiyə Strateji Əməkdaşlıq Şurası və Hökumətlərarası Komissiyanın iclaslarında qəbul edilən qərarların, əldə edilən razılıqların əhəmiyyəti vurğulanıb.
Preferensial Ticarət Sazişinin əhatə dairəsinin genişləndirilməsinin, həmçinin iki ölkə arasında imzalanan Fəaliyyət planlarının icrasının ticarət dövriyyəsinin daha da artmasına təkan verəcəyinə əminlik ifadə olunub.
Azərbaycan və Türkiyənin birlikdə reallaşdırdıqları nəhəng layihələrlə Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynadıqları xüsusi vurğulanıb.
Nəqliyyat sahəsində əməkdaşlığın inkişafı yüksək qiymətləndirilərək cari ilin 9 ayında iki ölkə arasında ümumi daşınmış yüklərin həcminin 60,2 % artdığı, o cümlədən tranzit yüklərin həcminin 96,3 % çox olduğu bildirilib.
Azərbaycanın əsas hissəsi ilə Türkiyə arasında Naxçıvan vasitəsilə birbaşa dəmir yolu əlaqəsinin təmin edilməsi baxımından Qars-İğdır-Aralık-Dilucu-Sədərək-Naxçıvan-Culfa dəmir yolu layihəsinin reallaşdırılmasının mühüm əhəmiyyət kəsb etdiyi diqqətə çatdırılıb.
Zəngəzur dəhlizinin açılması və Naxçıvana dəmir yolunun çəkilməsi nəticəsində Azərbaycan-Türkiyə iqtisadi-ticari əlaqələrinin genişlənəcəyinə əminlik ifadə olunub.
Birgə sənaye-investisiya layihələrinin əhəmiyyəti qeyd edilərək müxtəlif sahələrdə müştərək istehsal müəssisələrinin yaradılması üçün perspektivlərin mövcud olduğu diqqətə çatdırılıb.
Eyni zamanda yeni yaranmış reallıqlar fonunda nəqliyyat kommunikasiyalarının açılmasının əməkdaşlıq üçün yaxşı imkanlar vəd etdiyi qeyd edilib, Zəngəzur dəhlizinin açılmasının regional əməkdaşlığı daha da gücləndirəcəyinə, bölgə ölkələrinin iqtisadi tərəqqisinə xidmət edəcəyinə əminlik ifadə olunub.
Azərbaycan-Türkiyə birliyinin bu gün bərpa edilən Qarabağda və Şərqi Zəngəzurda yenə də özünü göstərdiyi diqqətə çatdırılıb. Bildirilib ki, işğaldan azad edilmiş ərazilərdə aparılan irimiqyaslı tikinti işləri, mühüm infrastruktur layihələri türk şirkətlərinin iştirakı ilə həyata keçirilir.
Oktyabrın 20-də dövlət başçılarının birlikdə Zəngilanda “Dost Aqropark” ağıllı kənd təsərrüfatı kompleksinin açılış mərasimində iştirak etməsi, Cəbrayıl rayonu ərazisində yaradılacaq “Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi”nin, “Ağıllı Tingçilik” və “Dostluq Meşəsi” Kompleksinin təməlini qoyması iki ölkə arasında qardaşlığın növbəti bariz ifadəsi kimi dəyərləndirilib.
Türkiyənin vitse-prezidenti F.Oktay Azərbaycan ilə Türkiyə arasında dostluq, qardaşlıq və müttəfiqlik əlaqələrinin bütün sahələrdə uğurla inkişaf etdiyini məmnunluqla vurğulayıb. Dövlət başçıları arasında mütəmadi görüşlərin bu əlaqələrin genişləndirilməsi işinə xüsusi töhfə verdiyi qeyd olunub.
Azərbaycan-Türkiyə tərəfdaşlığının son illərdə daha da möhkəmləndiyini bildirən F.Oktay iki ölkənin həyata keçirdiyi birgə irimiqyaslı layihələrin, xüsusilə, nəqliyyat və enerji sahələrindəki təşəbbüslərinin bölgə üçün böyük önəm daşıdığını qeyd edib.
İclasda Azərbaycanla Türkiyə arasında qarşılıqlı faydalı əməkdaşlığın bütün istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, ticari, nəqliyyat, enerji, kənd təsərrüfatı, səhiyyə, turizm, mədəniyyət və digər sahələrdə daha da genişləndirilməsi perspektivləri geniş müzakirə olunub, gündəlikdə duran məsələlərə dair məruzələr dinlənilib.
Sonda Azərbaycanın Baş naziri Əli Əsədov və Türkiyənin Vitse-prezidenti Fuat Oktay Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın 10-cu iclasının Protokolunu və əməkdaşlığın bir sıra sahələrini əhatə edən Fəaliyyət planlarını imzalayıblar.
Hər iki ölkənin aidiyyəti qurumlarının rəhbərləri “Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında toxumçuluq sahəsində əməkdaşlıq haqqında Saziş”i, “Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında bitkilərin mühafizəsi və karantini sahəsində əməkdaşlıq haqqında Saziş”i, “Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi və Türkiyə Respublikası Halal Akkreditasiya Agentliyi arasında Əməkdaşlıq Protokolu”nu, “Azərbaycan Respublikası Kiçik və Orta Müəssisələrin İnkişafı Agentliyi və Türkiyə Respublikası Kiçik və Orta Müəssisələrin İnkişafı Təşkilatı arasında Mikro, Kiçik və Orta Müəssisələrin Maliyyə resurslarına çıxışının genişləndirilməsinə dair Niyyət Protokolu”nu və “Azərbaycan İxracın və İnvestisiyaların Təşviqi Agentliyi və Türkiyə İxracatçılar Məclisi arasında ikitərəfli əməkdaşlıq Anlaşması”nı imzalayıblar.
Facebook'da Paylaş