Kolumbiyalı jurnalist: "Ermənistan özünü qurban kimi göstərməklə dünya mediasını yanıldır

21-09-2022, 09:30

Kolumbiyalı jurnalist: "Ermənistan özünü qurban kimi göstərməklə dünya mediasını yanıldır

Kolumbiyanın nüfuzlu rəqəmsal KİV-dən olan “Las2Orillas” qəzetində tanınmış jurnalist Roberto Trobaxonun müəllifi olduğu, Ermənistanın Azərbaycana qarşı son hərbi təxribatından bəhs edən yazı dərc olunub.

Bu barədə Ordum.az-a Azərbaycanın Meksikadakı Səfirliyindən bildirilib.

Məqalədə, Azərbaycanın humanist ölkə olmasından, COVID-19 pandemiyası dövründə ölkəmizin BMT Baş Assambleyasının Xüsusi Sessiyasının keçirilməsi təşəbbüsü ilə çıxış etməklə bərabər, COVID-19-a qarşı qlobal təşəbbüslərə maliyyə dəstəyi, habelə Ukrayna xalqının çətin dövrlərində bir neçə dəfə humanitar yardım göstərməsindən və Avropanı qazla təchiz etmək üçün səylərini gücləndirməsindən bəhs edilir. Ölkəmiz tərəfindən göstərilən həmrəyliyin dünyanın bir çox ölkələri tərəfindən təqdirəlayiq görüldüyü bir dövrdə, qonşu Ermənistanın revanşist qüvvələrinin sosial şəbəkələrdə və mediada yalan və böhtan xarakterli məlumatlar yayaraq Azərbaycanın imicinə xələl gətirməyə çalışdığı və nəhayət ölkəmizə qarşı hərbi təxribatlar həyata keçirildiyi qeyd olunur.

Yazıda, həmçinin keçmiş münaqişənin tarixindən bəhs edilərək, 30 il ərzində Azərbaycan torpaqlarının işğal altında olduğu, Ermənistanın BMT Baş Assambleyası tərəfindən qəbul edilmiş 4 qətnaməyə məhəl qoymadığı və yalnız 2020-ci ilin noyabr ayında Azərbaycanın hərbi yolla öz torpaqlarını düşmənlərdən azad etdiyi və hazırda məcburi köçkünlərin öz yurdlarına qayıda bilməsi üçün Azərbaycan hökuməti tərəfindən həmin ərazilərdə quruculuq işlərinin aparıldığı bildirilir.

Yazıda 2020-ci ildə Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış Üçtərəfli Bəyanatın müddəalarına uyğun olaraq, Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisini tərk etməsi tələb olunsa da, Ermənistanın bu günə qədər həmin müddəalara əməl etmədiyi, Azərbaycanın daima davamlı sülh təşəbbüsü ilə çıxış etməsi, regionda sülhün bərqərar olması və Ermənistanla münasibətlərin normallaşdırılması üçün 5 prinsipə əsaslanan təkliflərin irəli sürüldüyü, lakin bu təşəbbüslərin Ermənistanın müxtəlif təxribatları ilə sabotaj edildiyi vurğulanır.

Müəllif Ermənistanın Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə hörmət etmədiyini və öz ərazi iddialarında israr edərək Qarabağ bölgəsinin Azərbaycana məxsus olduğunu tanımaqdan imtina etdiyini qeyd edir. Ermənistan tərəfindən Azərbaycana qarşı həyata keçirilmiş son genişmiqyaslı hərbi təxribata toxunan jurnalist, öz torpaqlarının müdafiəsi uğrunda Azərbaycanın 77 hərbçisinin şəhid olduğunu təəssüflə bildirir.

Sonda müəllif Ermənistan hökumətinin və erməni diasporunun özünü qurban kimi qələmə verərək dünya mediasını yanıltdığını, həqiqətdə isə Azərbaycanın Ermənistanla münasibətlərin normallaşdırılmasının və sülhün tərəfdarı olduğu oxucuların diqqətinə çatdırılır.




Facebook'da Paylaş