XİN rəhbəri: "Bərdəyə raket hücumunun günahkarları məsuliyyətə cəlb edilməlidir"
"Bərdədə dinc əhaliyə qarşı hərbi cinayətin günahkarları məsuliyyətə cəlb edilməlidir".
Ordum.az xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov tviter səhifəsində yazıb.
“2020-ci il oktyabrın 27-28-də Ermənistan Silahlı Qüvvələri tərəfindən Azərbaycanın Bərdə şəhərində yaşayan dinc əhaliyə qarşı xaincəsinə raket hücumları edilmiş, azərbaycanlı mülki əhali qətlə yetirilmişdir. Faciə qurbanlarını dərin hüznlə yad edirik! Bu cinayətin günahkarları məsuliyyətə cəlb edilməlidir!” – XİN rəhbərinin paylaşımında deyilir.
Xatırladaq ki, ötən ilin bu günü Ermənistan Silahlı Qüvvələri Bərdə şəhərini raket atəşinə tutub. 2020-ci il oktyabrın 27-də düşmən hərbi əməliyyatlar bölgəsindən uzaqda yerləşən Bərdə rayonunun Qarayusifli kəndi “Smerç” raketlərinə məruz qalıb.
Hadisə nəticəsində dinc sakinlər – Cəfərova Ofeliya Məcid qızı, Əhmədova Aybəniz Əşrəf qızı, İsmayılov Ehtiram Xəlil oğlu, 2013-cü il təvəllüdlü İsgəndərova Aysu Rövşən qızı həlak olub, 14 nəfər yaralanıb.
Raket hücumu nəticəsində bir neçə yaşayış evi tamamilə dağıdılıb, sakinlərə ciddi ziyan dəyib.
Bərdə rayonu və şəhər mərkəzi Ermənistan Silahlı Qüvvələri tərəfindən 3 dəfə (5,27 və 28 oktyabr tarixlərində) raket və ağır artilleriya atəşinə məruz qalıb.
Facebook'da Paylaş