Ceyhun Bayramov BQXK-nın vitse-prezidenti ilə görüşüb
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) vitse-prezidenti Qil Karbonyenin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
XİN-dən Ordum.az-a verilən məlumata görə, görüşdə C.Bayramov ölkəmizin BQXK ilə faydalı əməkdaşlığı yüksək qiymətləndirdiyini qeyd edib. Son bir il ərzində qarşı tərəflə bir sıra görüşlərin, o cümlədən BQXK-nın Cenevrə ofisində, habelə beynəlxalq platformalar çərçivəsində keçirilmiş görüşlərin bunun bariz nümunəsi olduğunu bildirib. Ölkəmizin BQXK-nın beynəlxalq hüquqa və müvafiq BMT qətnaməsinə uyğun olaraq Azərbaycan ərazisindəki humanitar missiyasının həyata keçirilməsinə hər zaman dəstək verdiyi vurğulanıb və bu xüsusda, qarşı tərəflə dialoqun davam etdirilməsinin əhəmiyyəti səsləndirilib.
C.Bayramov qarşı tərəfə bölgədə münaqişə sonrası yaranmış yeni reallıqlar və Azərbaycan tərəfindən 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatların icrası ilə əlaqədar həyata keçirilən konkret addımlar barədə ətraflı məlumat verib.
BQXK-nın vitse-prezidenti Qil Karbonye Azərbaycan hökuməti tərəfindən təşkilatın fəaliyyətinə göstərilən dəstəyə və əməkdaşlığa görə məmnunluğunu ifadə edib. Bölgədəki yeni reallıqları nəzərə alaraq mövcud humanitar prioritetlər əsasında qarşılıqlı fəaliyyətin davam etdirilməsinin vacibliyi vurğulanıb. Vitse-prezident hazırkı mərhələdə Azərbaycan tərəfi ilə erkən bərpa, sağlamlıq, tibb işçilərinin təlimi, habelə humanitar fəaliyyətə yeni texnologiyaların cəlb edilməsi və s. istiqamətlərdə fəaliyyətin həyata keçirilməsindən bəhs edib. O, həmçinin Yaxın Şərq bölgəsindən Azərbaycan əsilli vətəndaşlarının, xüsusilə qadın və uşaqların ölkəyə qaytarılması istiqamətində Azərbaycan tərəfindən görülən işlərin təqdirəlayiq olduğunu bildirib.
C.Bayramov itkin düşmüş azərbaycanlılar barədə məlumatın əldə edilməsinin ölkəmiz üçün əhəmiyyət kəsb etdiyini söyləyib və bu xüsusda BQXK-nın hələ 1-ci Qarabağ müharibəsindən itkin düşmüş şəxslər barədə məlumatın toplanması istiqamətində gördüyü işlərin yüksək qiymətləndirildiyini qeyd edib.
Tərəflər həmçinin BQXK-nın bölgədəki humanitar missiyası ətrafında fikir mübadiləsi aparıblar
Facebook'da Paylaş