Markov : Azərbaycan bu acı təcrübəni artıq bilir
Prezident İlham Əliyevin mövqeyinin mahiyyəti ondan ibarətdir ki, Dağlıq Qarabağın heç bir statusu Azərbaycanın ərazisində olmayacaq. Erməni əhalisi Qarabağda yalnız Azərbaycana inteqrasiya etməklə, Azərbaycan Respublikasının digər vətəndaşları kimi eyni hüquqlara malik olmaqla qala bilər. Bu fikirləri Siyasi Araşdırmalar İnstitutunun direktoru, rusiyalı politoloq Sergey Markov bildirib.
Onun sözlərinə görə, Naxçıvan Muxtar Respublikası kimi Qarabağ erməniləri üçün heç bir muxtariyyət verilməyəcək. Çünki ermənilər bunu belə haqq etməyib:
“Burada da tarixə əsaslanan tamamilə rasional, düzgün məntiq var. Əgər ermənilərin separatizmi olmasaydı, bəlkə də bu müharibə də olmazdı. Azərbaycan bu acı təcrübəni artıq bilir və o, ermənilərə heç bir muxtariyyət verməyəcək. Çünki Bakı bu muxtariyyətin hansısa bir mərhələsində separatçı tendensiyalar üçün, yeni müharibəyə başlamaq üçün, bu ərazilərdə Azərbaycanın suverenliyini şübhə altına salmaq üçün istifadə olunacağını bilir. Ona görə bütün Azərbaycanda olduğu kimi, Qarabağda da müxtəlif millətlərin nümayəndələri yan-yana yaşamalıdırlar. Digər variantları Azərbaycan heç yaxınına belə buraxmayacaq.
Əgər Ermənistan üçtərəfli sazişi yerinə yetirməsə, müəyyən müddətdən sonra Azərbaycan heç bir çıxış yolu görmədiyi üçün bir hərbi sıçrayış edə və Qarabağda qalan əraziyə nəzarəti əlinə götürə bilər. Bakı bir sıçlayışla Xankəndi də daxil olmaqla, bütün ərazilərini qaytara bilər. Əgər Ermənistan üçtərəfli bəyanatın yerinə yetirilmədiyini bəyan etsə, Bakı bütün ərazilərinin müstəqil şəkildə qaytarılması barədə qərar qəbul edəsi olacaq”.
Facebook'da Paylaş