Sülh anlaşmasına doğru

13-07-2023, 09:12

Sülh anlaşmasına doğru

Son zamanlar Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması və sülh müqaviləsinin imzalanması üçün perspektivlər açılıb

Bu gün Azərbaycan üçün prioritet məsələ Qarabağda yerləşən separatçıların oradan çıxarılması və Ermənistanla sülh müqaviləsinin imzalanmasıdır. Artıq Laçın yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qoyulduqdan sonra Ermənistandan Qarabağa qanunsuz gediş-gəliş, eləcə də silah-sursatın daşınmasının qarşısı alınıb. Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsinin qurulmasını istər rəsmi İrəvan, istəsə də Qarabağ erməniləri qəbul ediblər. Ermənistandan Qarabağa və əks istiqamətə gedən ermənilərin Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən sənəd yoxlanışından manesəiz şəkildə keçirlər. Bu xidmətin aparılması Azərbaycanın qətiyyətli uğurudur və sülh prosesi üçün təkandır. Ümumiyyətlə, son zamanlar Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması və sülh müqaviləsinin imzalanması üçün perspektivlər açılıb. Prezident İlham Əliyev 11 iyul tarixində 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə bu haqda da danışıb: “Sülh danışıqları ilə bağlı mövqeyimiz aydındır, məntiqlidir, beynəlxalq hüquqa əsaslanır. Son danışıqlar raundları və bir neçə gündən sonra nəzərdə tutulan yüksək səviyyəli təmaslar bir məqsədi güdür ki, biz sülh anlaşmasına daha da yaxınlaşaq”. Bütün bunlar üçün də yalnız Azərbaycan səy göstərir. Lakin həm Ermənitsan, həm də erməni lobbisi tərəfidən normallaşma prosesi üzrə beynəlxalq səylərə maneçilik törədilir.
Əlbəttə ki, Ermənistan dövləti mövqeyini tez-tez dəyişir. Prezident İlham Əliyev çıxışında deyib ki, son müsbət məqamlardan biri odur ki, Ermənistan tərəfinin mövqeyində müsbətə doğru hərəkət var: “Əgər keçən ilin oktyabrında Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və sərhədlərini qəbul etmişdirsə, bu ilin may ayında daha irəli gedərək artıq Azərbaycan ərazisinin parametrlərini də, o cümlədən Qarabağ və anklav kəndlərimiz daxil olmaq şərtilə rəsmən tanıyıb. Bu, müsbət hal kimi qiymətləndirilməlidir. İndi sıra gəlib çatıb ki, eyni sözlər kağız üzərində də öz təsdiqini tapsın, imzalar atılsın və münasibətlər yaradılsın”. Ermənistan Qarabağ məsələsi ilə bağlı imzaladığı bütün sənədlərə və üzərinə götürdüyü öhdəliklərə əməl etmir. Belə davam etsə Azərbaycan Qarabağdakı separatçıları məcburu şəkildə oradan çıxarmalı olacaq. Ermənistan artıq Azərbaycanın hərbi gücünə bələddir. Sadəcə Azərbaycan bunu danışıqlar yolu ilə etməyə çalışır. Azərbaycan istəmir ki, müharibəyə başlayan tərəf olsun. Hərçənd, Ermənistan son zamanlar buna çalışırdı. Qarabağa qanunsuz silah-sursat daşımaqla yeni münaqişə ocağı yartmaq istəyirdi. Azərbaycan Laçın-Xankəndi yolunun başlanğıcında sərəhəd-buraxılış məntəqəsi qurmaqla bunun qarşısını alıb. Cənab Prezidentin dediyi kimi, Azərbaycanla hədə-qorxu, ultimatum dili ilə heç kim danışa bilməz: “Bu gün dünyada güc amili ön plandadır və güclə hesablaşırlar, gücdən çəkinirlər. Heç kim bizim iradəmizə təsir edə bilməz. Bizə qarşı tuşlanmış bütün oxları sındırıb öz ləyaqətimizi qoruya bilmişik və maraqlarımızı qoruya bilmişik”. Qarabağdakı ermənilər də Azərbaycan qanunlarına əməl etmək məcburiyyətindədir, əks halda dövlətimiz adekvat addımlar atmalı olacaq.
Bu gün güclü Azərbaycan ordusu ərazi bütövlüyümüzün etibarlı təminatçısıdır. Azərbaycan xalqı dövlətinə, Prezidentinə, eləc də Silahlı Qüvvələrinə güvənir. Bu baxımdan cənab Prezidentin “Azərbaycan xalqı əmin ola bilər ki, bizim təhlükəsizliyimiz etibarlı əllərdədir” fikirlərinə tam haqq qazandırırıq: “Bundan sonrakı illərdə Silahlı Qüvvələrimizin modernləşdirilməsi, bu sahədə islahatların dərinləşdirilməsi, yeni silahlı birləşmələrin yaradılması və təkmilləşdirilməsi istiqamətində, o cümlədən ən müasir silahların, texnikaların alınması istiqamətində işlər plan üzrə gedir. İkinci Qarabağ müharibəsindən sonra Silahlı Qüvvələrimizdə aparılan islahatlar hələ başa çatmayıb, o cümlədən struktur islahatları. Biz öz Silahlı Qüvvələrimizi ən qabaqcıl orduların səviyyəsinə çatdırmalıyıq. Struktur islahatları, idarəetmə və özünü müdafiəetmə qabiliyyəti nöqteyi-nəzərindən biz elə güc yaradırıq ki, yerləşdiyimiz coğrafiyada özümüzü tam əmin hiss edə bilək”. Yeni dünya düzənində hər dövlətin ərazi bütövlüyünə hörmət edilməli və regional əlaqələr qurulmalıdır. Ermənistan da bunu nəzər alaraq qonşuları ilə yaxşı münasibətlər qurub kommunikasiya sistemlərinə daxil ola bilər. Bölgədəki problemlərin ədalətli şəkildə həll edilməsi hər bir dövlətin lehinədir. Ermənistan da bölgə ilə normal münasibətlər yarada bilməsi üçün hər şeydən əvvəl işğalçılıq siyasətindən, sepatraçılıqdan əl çəkməlidir. Hər şeydən əvvəl Ermənistan özünə güvənməli və müstəqil, aydın mövqe ortaya qoymalıdır.

İbrahimova Gülzar İsaxan qızı, Avrasiya Universitetinin Elmi işlər üzrə prorektoru, siyasi elmlər üzrə elmlər doktoru, professor




Facebook'da Paylaş