Azərbaycanın məqsədi məcburi köçkünlərin öz evlərinə qayıtmasıdır
"Keçmiş məcburi köçkünlər gözləməkdən yorulublar, onlar 30 il əvvəl erməni işğalı səbəbindən tərk etməli olduqları evlərinə qayıtmaq istəyirlər".
“Report”un Ümumdünya Şəhər Forumunda iştirak etmək üçün Polşaya ezam olunmuş müxbiri xəbər verir ki, bu fikirlər forumda iştirak edən Azərbaycan nümayəndə heyətinin BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) və şəhərlərin inkişafına dəstək üzrə URBAN laboratoriya layihəsinin nümayəndələri ilə görüşündə səsləndirilib.
"İnsanlar gözləməkdən yorulublar. Onlar doğma yurd-yuvalarına qayıtmaq istəyirlər. BMT-nin Məskunlaşma Proqramının təcrübəsi çox faydalı olacaq", - Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa şəhəri istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov bildirib.
Onun sözlərinə görə, Ümumdünya Şəhər Forumunun XI sessiyasının şüarı “Şəhərlərimizi daha yaxşı gələcək üçün dəyişdirmək”dir, lakin hazırda Azərbaycanın qarşısında daha çətin vəzifə – işğal zamanı dağıdılmış şəhərlərin bərpası durur. O, Ermənistanın işğalı zamanı Azərbaycanın 9 şəhərinin yer üzündən tamamilə silindiyini xatırladıb.
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev işğaldan azad edilmiş bu rayonda hazırda həyata keçirilən infrastruktur layihələrindən, nəqliyyat və dəmir yolu marşrutlarının bərpasından danışıb. Onun sözlərinə görə, bu ilin sentyabr-oktyabr aylarında Zəngilanda, işğaldan azad edilmiş ərazilərdə tikilən ikinci hava limanının tikintisinin başa çatdırılması planlaşdırılır.
Zəngilan rayonunda “ağıllı şəhər/kənd” konsepsiyasının həyata keçirilməsindən də danışan V.Hacıyev ilk belə layihənin Ağalı kəndində reallaşdırıldığını diqqətə çatdırıb. "Bizim üçün prioritet infrastruktur və insanların orada yaşaması üçün rahat şərait yaratmaqdır", - Prezidentin xüsusi nümayəndəsi əlavə edib.
Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov Şuşa şəhərinin tarixi əhəmiyyətini qeyd edərək bildirib ki, hazırda şəhərin dağıdılmış tarixi-mədəni irsinin bərpası istiqamətində işlər aparılır. A.Kərimov şəhərlərin bərpası işində “UN-Habitat”ın təcrübəsinin xüsusilə faydalı ola biləcəyini vurğulayıb.
Onun sözlərinə görə, nüfuzlu xarici mütəxəssislərin iştirakı ilə şəhərin su-kanalizasiya şəbəkələrinin layihələndirilməsi işləri aparılır, bu işlərin cari ilin payızınadək başa çatdırılması, gələn ilin əvvəlindən isə tikinti mərhələsinə keçilməsi nəzərdə tutulur.
Facebook'da Paylaş