Yanvarın 15-dən Qarabağa müntəzəm avtobus reysləri açılacaq

14-12-2021, 11:02

Yanvarın 15-dən Qarabağa müntəzəm avtobus reysləri açılacaq

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA - Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin bazasında yaradılır) yanvarın 15-dən Qarabağa müntəzəm avtobus reyslərinin açılmasını planlaşdırır.

Bu barədə Oedum.az-a qurumdan bildirilib.

Məlumata görə, söhbət Bakı şəhərindən, Füzuli rayonunun Əhmədbəyli kəndindən (Zəfər Yolu ilə) və Füzuli Beynəlxalq Hava Limanından Şuşa şəhərinə, eləcə də Bakıdan Ağdam şəhərinə marşrut xətlərinin yaradılmasından gedir.

Bu məqsədlə daşıyıcıların seçilməsi üçün açıq müsabiqə elan edilib. Müsabiqədə iştirak haqqı 50 manatdır. İddiaçılar dekabrın 27-nə qədər ərizə ilə quruma müraciət etməli, yanvarın 6-na qədər isə əsas sənədləri, o cümlədən balanslarındada olan nəqliyyat vasitələri barədə məlumatları təqdim etməlidirlər.

"Daşıyıcılar seçilərkən rahat, ekoloji cəhətdən təmiz avtobusları olanlara üstünlük veriləcək. İlkin mərhələdə Qarabağa reyslər həftədə 2 dəfə olacaq. Əgər daşımalar rentabelli olarsa, reyslərin sayı artırıla bilər", - deyə AYNA-dan bildirilib




Facebook'da Paylaş