Ekspert: "Azərbaycan azad edilmiş ərazilərin bərpası işində ciddi uğurlara nail olub"

15-10-2021, 14:12

Ekspert: "Azərbaycan azad edilmiş ərazilərin bərpası işində ciddi uğurlara nail olub"

“Qoşulmama Hərəkatına üzv ölkələrin Azərbaycanın sədrlik müdddətinin daha 1 il uzadılması ilə bağlı təklifi ilk növbədə təşkilat üzvlərinin böyük etimadından xəbər verir”.

Ordum az xəbər verir ki, bunu “Report”a beynəlxalq münaqişələr üzrə ekspert, Rusiya Jurnalistlər İttifaqının üzvü Yevgeni Mixaylov bildirib.

O hesab edir ki, Azərbaycan dünyaya nümayiş etdirdi ki, heç bir hərbi ittifaqa üzv olmayan ölkə də güclü və müstəqil ola bilər.

Ekspert deyib ki, hətta Vətən müharibəsində qələbədən sonra Azərbaycanın iqtisadiyyatı hərbi əməliyyatlara çəkilən xərclərə görə böyük zərər görməyib, həmçinin Azərbaycan çoxillik işğal nəticəsində dağıntılara məruz qalmış azad olunmuş ərazilərin bərpası işində ciddi uğurlara nail olub.

Y.Mixaylov bunun bir çox ölkə üçün nümunə olduğunu bildirib vurğulayıb: “Azərbaycan Prezidenti İlham Əliyev COVID-19 pandemiyasından sonra qlobal bərpa üzrə BMT-nin yüksək səviyyəli panelin yaradılması təklifini irəli sürməklə faktiki olaraq bu istiqamətdə öz təşəbbüslərini bir daha təsdiq etdi. Xatırladım ki, MDB-yə üzv ölkələr arasında sanitar-epidemioloji təhlükələrə qarşı vahid mərkəzin yaradılması üzrə birgə fəaliyyət məsələsi fəal şəkildə müzakirə olunarkən Prezident İlham Əliyev və Prezident Vladimir Putin ilk mərhələdə regional miqyasda belə bir təşəbbüsə toxunmuşdular".

"Bu təşkilata sədr seçilməzdən əvvəl Azərbaycanın dünya arenasında bir o qədər də tez-tez xatırlanmadığını desəm yəqin ki, yanılmaram. Lakin rəsmi Bakının Qarabağ müharibəsindəki qələbəsi sayəsində təkcə rəsmi zirvə görüşlərində deyil, həm də dünya səviyyəli pərdəarxası söhbətlərdə Azərbaycan, eləcə də onun lideri haqqında danışmağa başladılar. Azərbaycanın Qoşulmama Hərəkatına sədr seçildikdən sonra tanınması barədə danışarkən ölkənin Prezident İlham Əliyevin rəhbərliyi altında nələrə qadir olduğunu dünyaya nümayiş etdirməsi bu təşkilatı daha çox tanıtdı”, - rusiyalı ekspert fikrini tamamlayıb.




Facebook'da Paylaş