İƏT-in nümayəndə heyəti Tərtərdə faktaraşdırıcı missiya həyata keçirib

24-09-2021, 18:55

İƏT-in nümayəndə heyəti Tərtərdə faktaraşdırıcı missiya həyata keçirib

İƏT-in nümayəndə heyəti Tərtərdə faktaraşdırıcı missiya həyata keçirib
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın dəvəti ilə Azərbaycanda rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının (İƏT MDİHK) ekspertlərdən ibarət nümayəndə heyəti növbəti birgə faktaraşdırıcı missiyanı 44 günlük Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən dəfələrlə atəşə məruz qalmış Tərtər rayonunda həyata keçirib.

"Report"un Qarabağ bürosunun verdiyi məlumata görə, nümayəndə heyəti müharibə dövründə beynəlxalq humanitar hüququn qaydalarına zidd olaraq yaşayış məntəqələrinin atəşə tutulması faktları ilə yerində tanış olub.

Faktaraşdırıcı missiya çərçivəsində qonaqlar əvvəlcə Tərtər şəhərində Ermənistan silahlı qüvvələri tərəfindən qadağan olunmuş silahlardan istifadə edilərək atəşə məruz qalmış yaşayış binaları və digər sosial obyektlərə baxış keçiriblər. Nümayəndə heyəti zərərçəkmiş sakinlərlə görüşdə İkinci Qarabağ müharibəsi zamanı mülki əhaliyə qarşı törədilən müharibə cinayətləri barədə məlumatlandırılıb.

Daha sonra İƏT MDİHK-nın nümayəndə heyəti insan tələfatına və mülki obyektlərin dağıdılmasına səbəb olmuş ağır artilleriya və raket hücumları ilə bağlı sübutlarla da yerində tanış olub.

Qeyd edək ki, nümayəndə heyətinin ölkəmizə səfəri davam edir.




Facebook'da Paylaş