Ermənistanın Oxçuçayı çirkləndirməsinin qarşısını almaq üçün proqram hazırlanır

29-10-2021, 11:00

Ermənistanın Oxçuçayı çirkləndirməsinin qarşısını almaq üçün proqram hazırlanır

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə İşçi Qrupunun növbəti iclası keçirilib.

Ordum.az xəbər verir ki, iclasda Azərbaycan Prezidentinin Şuşa və Ağdam nümayəndəliklərinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, İqtisadiyyat Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin, “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin və digər müvafiq dövlət qurumlarının məsul nümayəndələri iştirak ediblər.

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində hərbi-siyasi, sosial-iqtisadi, humanitar, təşkilati və digər təxirəsalınmaz məsələlərin həlli ilə bağlı Fəaliyyət Planı” üzrə ekoloji vəziyyətin qiymətləndirilməsi məqsədilə işğaldan azad edilmiş rayonlarda aparılan kompleks monitorinqlər, o cümlədən transsərhəd çayların çirklənməsinə nəzarət edilməsi məqsədilə aparılan monitorinqlər haqqında qrup üzvlərinə məlumat verilib.

Ermənistan ərazisindən mütəmadi çirklənməyə məruz qalan Oxçuçayda aparılan monitorinqlərin genişləndirilməsi, o cümlədən fiziki-kimyəvi analizlərlə yanaşı biomonitorinqlərin aparılması, ağır metallara həssas indikator növlərin müəyyən edilməsi və belə növlərin biokütləsinin hesablanması üzrə tədqiqatların aparılması üçün elmi institutlar cəlb olunmaqla plan-proqramın hazırlanmasına başlanılıb




Facebook'da Paylaş