Bəhruz Məhərrəmov - Milli Məclisin deputatı
Bakıya dönərkən Biləsuvar şəhərinin çıxışında yol kənarında bir hərbçi gördüm, maşını saxladım, açığı sevindi. Dediyinə görə 20 dəqiqədən çox imiş ki, yol maşını gözləyirmiş. Söhbət əsnasında bildim ki, gizir rütbəsi ilə Ağcabədidə xidmət edir, ailəsi isə Salyanda yaşayır. 2-3 aydan bir onlara baş çəkir, evinə gələrkən yaxın yol kimi Bəhrəmtəpə-Biləsuvar yolunu seçir. Çox xoş həmsöhbət idi, deputat olduğumu biləndə təəccübləndi, ordan-burdan xeyli söhbət etdik. Öz yaşadığı dairə üzrə deputatı ilə danışmaq istəyib-istəmədiyini soruşdum, gördüm ki, narahat etmək istəmir. Onu gözləmədən əziz həmkarım Jalə Əhmədovaya zəng etdim. Jalə xanım da var olsun, səmimiyyəti ilə bir daha məni qürurlandırdı, məmnuniyyətlə yol yoldaşımla söhbət etdi, özünün, ailəsinin problemləri, qayğıları ilə maraqlandı. Allahın qisməti, bilmirəm bu hərbçi ilə bir də görüşərik ya yox amma əminəm ki, ünsiyyətimiz onun da bizim də yaddaşımızdan uzun müddət silinməyəcək.
Sonda fürsətdən istifadə edib hər bir sürücüyə üz tuturam, yolda, dayanacaqda hərbçi gözləməsin, gördünüz götürün, demirəm yolunuzu dəyişin, işinizdən-gücünüzdən olun, yox sadəcə apara biləcəyiniz, yolunuzun keçəcəyi yerə qədər aparın. Xalqımızın hərbçilərə hörməti, ehtiramı həmişə böyük olub, hərbçilərin təminatı da şükr ki, çox yaxşı səviyyədədir, heç kimə ehtiyacları yoxdur, amma yenə də belə bir ənənəni formalaşdırsaq düşünürəm daha yaxşı olar.