Uzaqlaşan illərin yaxın xatirələri

30-07-2020, 14:20

1941-ci ildə digər müttəfiqrespublikaların xalqları kimi azərbaycanlılar da "Vətən naminə" çağrısına qoşuldu.İlk gündən yurdumuzun övladları da əllərinə silah alıb Vətən torpaqlarının birliyini qorumaqüçünalman faşistləri ilə döyüşə yollandılar.
O illərdə 700 minə yaxın azərbaycanlı, başqa sözlə, respublika əhalisinin hər 5 nəfərindən biri cəbhəyə yollanmış, onların isə 450 mini və ya 65 faizi orden və medallarla təltif olunmuş, 130 nəfər Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. Müharibədə iştirak etmiş azərbaycanlıların, təxminən, yarısı həlak olmuşdur. Macarıstan və Yuqoslaviyanın faşistlərdən təmizlənməsində 223-cü diviziya qəhrəmanlıq göstərmiş, 416-cı diviziyanın əsgərləri isə Berlində qələbə bayrağını ilk qaldıranlardan olmuşlar. Onu da qeyd edək ki, 402-ci atıcı diviziya Naxçıvanda formalaşdırılaraq birbaşa cəbhəyə yola salınmışdı. Təkcə müharibənin başlandığı gün ərzində, 1941-ci il iyunun 22-də Naxçıvan Muxtar Respublikasından 6492 nəfər orduya yollanmışdı ki, onun da 38 faizi 18 yaşı tamam olmuş gənclər idi. Bütövlükdə, 1181 nəfər Culfa rayon sakini olmaqla 29 min 500 nəfər muxtar respublika sakini 1941-1945-ci illər müharibəsində iştirak etmişdir. Könüllü müharibəyə gedənlərin yüz nəfərə yaxını qadınlar idi. Cəbhəyə yollananların hər iki nəfərindən biri - 16 min naxçıvanlı həlak olmuşdur. Həmyerlilərimiz öz döyüş şücaət və qəhrəmanlıqları ilə tarixə düşmüş, onlardan üçü - Abbas Quliyev, Nəcəfqulu Rəfiyev və Qəzənfər Əkbərov o dövrün ən yüksək mükafatına - “Sovet İttifaqı Qəhrəmanı” adına, Rəhim Rəhimov isə “Şöhrət” ordeninin hər üç dərəcəsinə layiq görülmüşdür. 600 nəfər müxtəlif orden və medallarla təltif edilmişdir. 102 nəfər “Şöhrət” ordeninin ayrı-ayrı dərəcələri ilə, 105 nəfər birinci və ikinci dərəcəli “Böyük Vətən müharibəsi”, 315 nəfər “Qırmızı Ulduz”, 29 nəfər “Qırmızı Bayraq” ordenləri ilə təltif edilmişdir.


Vəli Qasımov 1925 ci ildə Culfa rayonunun Xanəgah kəndində anadan olub. 1941 ci ildə cəbhəyə çağrılan Vəli Qasımov uzun döyüş yolu keçmişdir. Taqonroq diviziyasının tərkibində döyüşmüş, Vitebsk şəhərinin azad olunması uğrunda  düşmənə qarşı vuruşmuşdur. Dəfələrlə ölümlə üzləşən döyüşçü ruhdan düşməmiş, qələbəyə olan inamını itirməmişdir. Vəli Qasımov indi ömrünün ahıl çağlarını yaşayır. O günləri yaxşı xatırlayır, 75 il əvvəl olanları dünənki kimi danışır: 
 -Kəndimizdən bütün günü evlərdə, küçədə söhbət müharibədən gedirdi. Mən 1941-ci ilin oktyabr ayında cəbhəyə getdim. İlk döyüşü Şimali Qafqazda gördüm. Yanımda ölənləri, yaralıları görəndə düşmənə nifrətim daha da artırdı. Gecə səhərə qədər toplar susmur,  güllələr aram bilmədən atılırdı. Qulaqlarım səsdən elə uğuldayırdı ki, elə bil ucadan axan bir dağ çayının kənarında durmuşdum. Belarusiyanın azad olunması uğrunda gedən döyüşlərdə ağır yaralandım. 1 orden və 27 medalla təltif olunmuşam. I qrup müharibə veteranı kimi 1944 cü ildə ordu sıralarında təxris olundum.
Vəli Qasımov  müharibə veteranı kimi bu gün  hərtərəfli dövlət qayğısı ilə əhatə olunmuşdur. Bu günə qədər ona 4 dəfə avtomobil təqdim edilib.


Abdulla Səfərov 1923 ci ildə Culfa rayonunun Yaycı kəndində anadan olub. İkinci Dünya müharibəsinin ilk illərindən müharibəyə çağrılıb.  Şimali Qafqaz cəbhəsində döyüşən Abdulla Səfərov Mozdak və  Krım şəhərlərinin  almanlardan azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla iştirak edib. Döyüşlərdə göstərdiyi şücaətə görə sinəsini müxtəlif orden və medallar bəzəyir. 2015 ci ildə dövlətimiz tərəfindən ona da avtomobil hədiyyə olunub. Onun üçün göstərilən diqqət və qayğıdan ağız dolusu danışan  Abdulla Səfərov ` həyatın mənasını Vətəni sevməkdə görür, yaşadığı bir əsrə yaxın ömrünü bu sevgi üzərində quran Abdulla dayı xalqımza xoşbəxtlik və firavanlıq bəxş edən müstəqil dövlətimizin daha da güclənməsinin kökündə el-obaya bağlılıq, doğma yurda məhəbbət dayandığını dönə-dönə dilə gətirdi.
Cəfər Əliyev 1925 ci ilin fevral ayında Culfa rayonunun Yaycı kəndində anadan olub. 1943 cü ildə müəllimlik fəaliyyətinə başlayan Cəfər dayı 1944 cü ildə cəbhəyə çağrılıb.


Cəfər Əliyev  onlara göstərilən qayğıdan danışaraq fikrini belə ifadə edir.
-Çox gözəl  ömür yaşamışam, 6 övladım, 25 nəvəm, 33 nəticəm  var. Hər cür dövlət qayğısı ilə əhatə olunmuşam. Alman faşistləri üzərində qələbənin 70 illiyində mənə minik avtomobili bağışlayıblar. Yüksək pensiya alıram. Hər qələbə bayramında birdəfəlik maddi yardım alıram. .Bu gün ölkəmiz müharibə şəraitində yaşayır. Torpaqlarımızın 20 faizi işğal altındadır. Bu gün hər kəs  yaxşı bilir ki, Azərbaycan ordusu nəyə qadirdir. Onlar bunu Aprel döyüşlərində, Günnüt əməliyyatında bir daha gördülər. Əminəm ki, möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımız yağı düşməndən azad olacaq, Qarabağın əhalisi doğma yurd-yuvasına dönəcəkdir.


Alim AĞAYEV




Facebook'da Paylaş