BÜTÖV AZƏRBAYCAN ANDI
Məndən haralısan, deyə soruşmayın! Çünki anam məni bir dəfəyə doğmayıb. Parça-parça, bölük-bölük, zərrə-zərrə doğulmuşam. Hər sümüyüm bir ormanda, hər tikəm bir ostandadır. Gözümün biri Təbriz, biri Bakı, bir əlim Borçalı, biri Dərbənddir. Ayağımın biri İrəvanda, biri Qarabağda yer tutub. Dizlərim Ərdəbildə, Qəzvində, Zəncanda, Marağada təpər alıb. Igid olum deyə atam məni at belində böyütmək istədi, böyümədim. Çünki bütövləşə bilməmişdim. Nənəm məni Zəngəzurda qundaqladı, qundağında dil açmadım. Dilləndirmək istədikcə dilimi dişlədim, yaralarım qan verdi.
Balama qurban ilanlar,
Balam nə vaxt dil anlar,
- deyə, təlaşlandı. Mən dil anlamadım.
Çünki bu taylılar rusca, o taylılar farsca anladırdılar. Babamı bayrağımızı sevdiyi üçün güllələdilər. Anam məni ağlamağa qoymadı. Saçlarıma sığal çəkib, kürəyimə əl qoydu. Yola çıxarıb, get dedi – özünü tap, bütövləş! Əgər bütövləşə bilsən, onda sən mənim oğlum Tamxil, mən də sənin anan – Bütöv Azərbaycan olacağam. Odur ki, 55 ildir yol gedirəm, əlli beş milyonluq “zərrə”lərimə qovuşmaq, bütövləşmək üçün.