İctimai həyatımızda kimi dildə, kimi əməldə öncüllük edir. Bəzən onların tanınmasında yanlışlığa yol verilsə də, kimin necə təqdim edilməsindən asılı olmayaraq mənəviyyatımızın ana xəttini təşkil edən vətənçilik ideyası heç vaxt saxta hissləri yaxına buraxmır. Ölkənin müdafiə savaşında formalaşan qəhrəmanlıq xarakteri elə bir davranış ölçüsüdür ki, yalnız uzun illərin sınağından çıxan, yazılan və yazılmayan səngər qanunlarına əsasən müəyyən edilir. Səngər rüzigarında cəsur döyüşçülərin tənəli baxışları altında hər kəs qorxaq olmaqdan cəkinir. Səngər qardaşlığı ab-havasında əmələ gələn bu çəkinmə seli sövqi-təbii olaraq içində qorxu hissini boğanları qəhrəmanlıq aləminə aparır. Bu proses çox rəvan gedir. Ona görə ki, onların varlığında hakim olan yurd sevgisi ürəyin təbii istəyindən doğan bir duyğudur. Ürək isə kimsə tərəfindən aldadıla bilməz. Səngər ömrü yaşayan ürək tamam fərqli və ülvi dünyaya sahib çıxır. Bu ürək ölümün üzünə dik baxmağa alışan ürəkdir. Onun qalxanı cəsarət, hədəfi qələbə sevincini dadmaq və taleyin hökmü ilə son məqamda ölümsüzlüyə qovuşmaqdır.
XVII-XVIII əsrlərdə yaşamış fransız yazıçısı və maarif xadimi Laroşfuko Fransua de belə fikir söyləmişdir: “Nə günəşin, nə də ölümün üzünə dik baxmaq olmaz”. Bəlkə də, mən müharibə iştirakçısı olmasaydım, bu fikirlə razılaşardım. Lakin Qarabağ uğrunda gedən ağır döyüşlərdə fərqli-fərqli qorxmaz oğullarımızın hünərindən heyran olduğuma görə “ölümün üzünə dik baxmağın” necə və nə cür olduğunu yaxşı anlayıram.
Ümumən desək, səngər həyatında yazılmamış mənəvi qanunlardan biri ondan ibarətdir ki, torpaq işğalını qəbul edə bilməyənlər haqq savaşında təmkin göstərmədən ölümü üstün tutur və qəhrəman şəhid adını qazanırlar. Qəhrəman da ona görə qəhrəmandır ki, ölümün üzünə dik baxır. Ölümə qalib gələn oğullarımızın sayı yüzlərlədir. Düşmən üzərində qazandığımız uğurlar məhz onların hesabınadır. Hərbçilər yaxşı anlayırlar ki, ölümün üzünə dik baxan döyüşçünün baxışı düşmən tərəfdə təşviş hissini artıraraq qorxaq döyüşçülərin silah tətiyinə düyün salır və qorxuya boyun əyən məğlub olur.`Kimsə ölümü müxtəlif məcazi və real fikirlərlə qarşılaşdıraraq subyektiv rəy söyləsə də, məncə, səngər mühitində ölüm düsturu dəyişməzdir. Onun öz səsi, öz nəfəsi, öz qoxusu, öz sifəti var. Real məntiq odur ki, insan dünyada cismən olaraq yalnız bir dəfə ölür. Lakin şəhidlərin ölümü əbədi ölümsüzlükdür.
Kəlbəcərin işğalı zamanı bir neçə dəfə ölümlə üz-üzə duran və ölümə baş əyməyən döyüşçü zabit Rəhman İsgəndərov belə düşünür:
– Hərbi əməliyyatlarda ölümlə çox qarşılaşmışam. İlk anlarda təbii olaraq həyəcan yaşamışam. Əlbəttə, həyəcan qorxu əlamətidir. Lakin sonrakı hallarda ölümlə üz-üzə dayanmağı adi bir hadisə kimi qəbul etmişəm və tam anlamışam ki, biz hərbçiyik. Vətən uğrunda savaş bizim həyatımızdır. Onu da yaxşı bilirik ki, ağır vuruşma vəziyyətində ölümün nəfəsini kəsən yalnız cəsarətdir. Döyüşdə cəsarət qədər ikinci güclü silah tanımıram. Tale elə gətirdi ki, cəsarətli hərəkətlərim məni ölümün ayaqları altına salmadı, lakin ağır yaralandım.
Döyüş təcrübəsində dəfələrlə sübut olunmuşdur ki, qorxaqlıq ölümün bələdçisidir. Kim bu həqiqəti vaxtında dərk edirsə, yüksək döyüşçü rütbəsinə yiyələnir. Bayaq sözlərini misal çəkdiyimiz fransız Laroşfukonun həmyerlisi – yazıçı, fizik və filosof kimi tanınmış Blez Paskalın fikrinə də öz milli düşüncə bucağımızdan rəy verməyə ehtiyac duyuram. Bley Paskal belə demişdir: “Gəlin ölümdən qorxaq: lakin təhlükə anında deyil, bizi heç nəyin hədələmədiyi vaxtlarda qorxaq – qoy, insan axıra qədər insan olaraq qalsın.” Əvvəla, qorxmazlıq, yaxud qorxaqlıq təbii bəşəri hisslərdir. İstər təhlükəli, istərsə də hədəsiz məqamlarda kiminsə qorxub-qorxmaması onun insanlıq mahiyyətinə elə kəskin bir xələl gətirmir. Əsas məsələ odur ki, insan öz əməlində antibəşər hərəkət etməsin. Üstəlik öz hisslərinə qalib gələn insan heç vaxt basılmaz, daha mətin və dözümlü olar. Unudulmaz şairimiz Əli Kərim demişkən, - “qorxudan qorunmaq qüdrətin olsa, ölüm baş götürüb dünyadan köçər”.
Azərbaycan Ordusunun əsasını qoyan 701 saylı hərbi hissənin sıralarında ölümü öldürən döyüşçülərin qəhrəmanlıq əməllərinin canlı şahidiyəm. Kəlbəcərli Ülfət Kərimovun şiranə həmləsi bu gün də dillərdə gəzməkdədir. O, döyüşçü sırasına durduğu gündən etibarən bütün səngər yoldaşları qarşısında and içmişdi ki, - “əgər Kəlbəcər işğal edilərsə, mənim yaşamağa haqqım yoxdur!”. Ülfət yurd sədaqəti naminə verdiyi vədə yalançı çıxmadı. 1993-cü ilin aprelində Kəlbəcərdə ordumuzun ilk motoatıcı briqadası və onun əmrində olan bölmələri bir neçə istiqamətlərdə özündən 12 qat üstün düşmənin bütün cəhdlərini boşa çıxarsa da, son nəticədə ehtiyat qüvvəsi olmayan briqadamız mühasirəyə düşmüşdür. Mərd döyüşçülərimizin dirənişi və dönməzliyi hesabına ağır mühasirədən çıxdıqdan sonra dədə-baba yurdunu hər hansı bir halda tərk etməyi öz şəninə sıxışdıra bilməyən Ülfət düşmənin zirehli texnikalarının üzərinə şığımışdır. Onun dəhşət doğuran cəsarəti düşmən gözlərinə ox kimi sancılmış və onları çaş-baş salmışdır. Ülfət bir döyüş maşınını qumbara atəşi ilə oda bələdikdən sonra digər döyüş texnikasına hücum etmişdir. O, qumbaranı sinəsinə sıxaraq PDM-in altına girmiş və özünə mərdanə ölüm hökmü vermişdir: kişi belə ölər!
Bəli, Ülfət Kərimovun məğrurluğu tək-tək yaşanan məğrurluqdur.
İnsanlar bəzən taleyin hökmü qarşısında susurlar. Qəhrəmanlar isə taleyin hər bir zərbəsinə dözür. Vətən uğrunda şəhid olmaq onlardan ötrü ölmək demək deyil, insanın ikinci doğumudur və bu çox şərəfli doğum sayılır. Əsl vətən döyüşçüsünün hədəfi düşmənə qarşı ölüm-dirim savaşında ya qalib gəlmək, ya da qələbə naminə şəhid olmaqdır. Bu hədəfə doğru gedilən yolda ölümü gözünün altına alır və daxili aləmində zərrə qədər də qorxu yaşamır. Bu yolda şəhidlər olmadan doğma məmləkətin azad rüzigarı naminə zəfər nəğməsini çaldıra bilmərik. Bu həm də döyüş qanunlarının dəyişməz sərt tələbidir.
Səngər həyatında hər bir döyüşçü üçün bir ölüm imtahanı yaşanır. Ölümə qalib gələn igid döyüşçülərin qismətində belə sınaqların sayı artır. Vətən savaşında bu imtahan yurd sevgili insan övladının əzəli bir əmridir. Sual qətiyyətlə qoyulur: ya qazi olmalısan, ya da şəhid! Kim hansı xislətə malikdirsə, ona verilən həyatı yaşamaq və gələn ölümü necə qarşılamaq variantını öz fərdi təbiətinə uyğun seçir. Bəzən heç seçim şansı da ələ düşmür. Yəni ölüm döyüş anında deyil, təsadüfən qarşılanır və hər şeyə ani olaraq nöqtə qoyulur.
...1992-ci ilin sentyabr ayıdır. Savaşın adi bir epizodu yaşanır. Laçın rayonunda Hocaz yüksəkliyi uğrunda gecə döyüşü gedir. Tabor komandiri, cəsur və çox təcrübəli zabitimiz Çingiz Əliyevin xəttə təzəcə gələn taqım komandirinə irəli getmək tapşırığını verərkən onun gözlərində qorxu işartılarını görür və tərəddüd edərək fikrini dəyişmək istəyir. Lakin ehtiyat qüvvə olmadığına görə qərarını dəyişə bilmir və qorxu elə ilk addımdaca öz sözünü diktə edir. Sanki öləcəyini qabaqcadan yəqin edən taqım komandiri təyin edilən strateji nöqtəyə çatar-çatmaz bilə-bilə təsadüfü atılan bir güllənin “yoluna çıxır” və şəhid olur.
İnanın ki, cəmi üç döyüşdə bu təcrübəsiz döyüşçü gülləyə tuş gəlməsəydi, daha sonra ölümə baş əyməzdi. Lakin qismət belə imiş...
Savaş təcrübəsi sübut edir ki, cəsarət kasıb ürəkdə yurd salmır. Daim ölümü inkar edərək qəhrəmanlığa meydan açır. Cəsarət Allah vergisi deyil. Onu özün qazanmalısan. Lakin bu keyfiyyət elə asanlıqla hasilə gəlmir. Savaş üçün gərəkli dəyərlərin hökmən qabaqcadan mənimsənilməsi fikri əksər hallarda döyüşçü ruhunu ölgünləşdirir. Bütün müharibə iştirakçıları bu məsələnin incə məqamlarını əldə edilən təcrübəyə əsasən yaxşı anlayırlar. Nəzərdə tutulan məntiqi nəticə anlaşılandır: eyni bir şəraitdə müxtəlif intellektual və iradə gərginliyi müxtəlif nəticələrə gətirib çıxarır. Necə deyərlər, kimsə cəsarətə yaxın, kimsə cəsarətə çox uzaq məsafədə durur. İradə qıtlığı olan yerdə cəsarət əldən uzaq yüksəklikdə dayanır. Bəzən hər hansı bir döyüş anı, bir təsadüfi həmlə bu nizamı dəyişə bilməsə də mənəvi tərpəniş əmələ gətirir. Məşhur rus sərkərdəsi A.V. Suvorovun məsləhəti yada düşür: “Kim qorxmuşsa, o yarı məğlub olmuşdur. Qorxağı təhlükə ilə müalicə etmək lazımdır”.
Kifayət qədər mətanət, iradə və təkid göstərməmək mənəvi enerjinin azalmasına, irəli sürülmüş başlıca məqsəddən imtina edilməsinə, məyusluğa və pessimizmə səbəb ola bilər. Mərd döyüşçü verilmiş əmrə əsasən öz yoluna doğru hərəkət zamanı mütləq mənada qabiliyyət qüvvəsinə inam hissi gətirən müvəffəqiyyət olmalıdır. Bəzən bu müvəffəqiyyət baş tutmur.
Təbiidir ki, çətin sınaqlarla dolu hərbi əməliyyatlarda döyüşçü xarakteri üç şərt əsasında pərvəriş tapır. Birinci şərt irsiyyətlə bağlıdır. İkinci şərt döyüşçünün fəaliyyət göstərdiyi bölmənin şəxsi heyətinin mənəvi-psixoloji durumundan qaynaqlanır. Üçüncü şərt döyüşçünün özündən asılıdır və bu, optimal şərt hesab edilir. Belə ki, kimsə döyüşdə özünü yurdun azadlığı naminə qurban verməyə hazır deyilsə, onu döyüşçü hesab etmək olmaz və belə düşünənlər tez sıradan çıxırlar. Lakin kifayət qədər çətin başa gəlsə də döyüşçü sırasına duran insanın varlığında cəsarət toxumları cücərməyə başlayır və tədricən bar verir. Bəziləri qısa ömürlü qərarsızlıq içərisində öz ümidini taleyə bağlayırlar. Di gəl ki, tale cəsurlara dar macalda öz kömək əlini uzadır. Tipik misal kimi 701 saylı hərbi hissənin birinci taborunun döyüşçülərinin qəhrəmanlıq xarakterinin necə formalaşmasını göstərə bilərəm. Bu, milli hərb tariximizdə öz imzasını qoymuş bir tabordur. Şəninə mahnı da bəstələnmişdir. Onların döyüş uğurları çox ürəkaçandır. Ordumuzun ilk taboru olduğuna görə burada döyüş dərsi keçərək yetişən əsgərlər sonra zabit kimi digər hərbi qurumların təliminə cəlb edilmiş və atəşkəs dövrünə qədər bənzərsiz ad-san qazanmışlar.
Bu günlərdə axar.az saytında rusiyalı telejurnalist, Rusiya Dövlət Dumasının keçmiş deputatı Alexander Nevrozov verdiyi müsahibədə Dağlıq Qarabağ müharibəsi barədə xatirələrini bölüşmüşdür. Onun fikirlərində iki məqam doğru açıqlanmışdır. O, səmimi olaraq bildirir ki, bu və ya digər müharibədə haqlı-nahaq tərəf bölgüsü aparmaqdan daha imtina etmişdir. Şükürlər olsun ki, gec olsa da obyektiv mövqeyə qayıtmışdır. A. Nevrozov Goranboy döyüşləri barədə hazırladığı materiallardan danışarkən şəxsi həyatında gördüyü ən cəsur bir Azərbaycan əsgəri barədə söz açır. Həmin əsgər tərtərli Vəzir Surxay oğlu Orucovdur. Rusiyalı telejurnalist heyranlıqla qeyd edir ki, məni himayə etdikdən sonra ağır ölüm təhlükəsi anlarında Vəzir elə gedirdi ki, Şekspirin heç bir qəhrəmanı o cür gedə bilməzdi. Məgər, Alexander Nevrozov düşmənin güllə yağışına qarşı təkcə Vəzirin cəsurluğunu görmüşdür?! Əlbəttə, yox! Ətraflı açıqlama əngəli ondan ibarətdir ki, bizim həqiqətləri tam çılpaqlığı ilə qələmə almaq onlara sərfəli deyil.
Əgər belə demək mümkündürsə, ön atəş xətti kimi səngər döyüş bölgəsinin əsas tərkib hissəsi sayılır. Mənəvi ovqat ümumi olsa da, səngər fərqli məqamları ilə tamam üstün sınaq və mərdlik mövqeyidir. Düzdür, istər səngərdə, istərsə də döyüş bölgəsinin digər nöqtələrində ölümün kölgəsindən kənara çıxmaq mümkün deyil. Yerləşmə mövqeyindən asılı olaraq ölümlə üz-üzə durmağın cürbəcür situasiyaları yaşanır. İkinci Kəlbəcər əməliyyatının ilk günlərində şahidi olduğum bir epizodu yada salmaq istəyirəm. Gecə 10.00 radələri idi. Düşmənin möhkəm müdafiə istehkamlarını bir həmlə ilə darmadağın edən döyüşçülərimizin bir qismi ehtiyat bölmənin tərkibində “Yol evi” yaxınlığında saman döşənmiş qar örtüyü üzərində bir-birinə dayaqlanaraq mürgüləyirdi. Mən də fürsət ikən onların yanında uzanmışdım. Birdən kəskin və qısa bir ufultu səsi eşidildi. Hamı diksinərək oyandı. Bir döyüşçü üzü aşağı halda tərpənməz vəziyyətdə qalmışdı. Cəbhədaşlarının çağırışına cavab verməyəndə bir döyüşçümüz onun başını yuxarı çevirdi. Bu zaman boynundan dəyən güllənin yeri göründü. Sən demə, uzaqdan ünvansız atılan bir güllə həmin döyüşçünü təsadüfən yaxalamışdı...
Döyüşçü öz içində iztirab gəzdirə-gəzdirə canlı kölgəyə çevrilərsə, ölümün üzünə dik baxa bilməz. Hərbi əməliyyatların cəsarət tələb olunan məqamlarında qorxunu içində boğan əsl cəsur döyüşçü həmişə qalibiyyət yolunun başında durur. O, əyilməz qeyrətkeşdir. Ümummilli mənafeləri daim şəxsi mənafelərdən üstün tutur. Ona kimsə yuxarıdan aşağı baxa bilməz. Dərin və dözümlü mənəvi təməli, zəruri mənəvi dəyərlərə obyektiv baxışı mövcuddur. Onun xarakteri soyuq, quru, sərt ola bilməz. O, sevilməyə bilməz. O, əsl vətəndaşdır – yurdun asayişi üçün hər nə istəsəniz ola bilər, heç zaman qeyri-insanlıq halına yol verməz. Siz ona hər bir zaman inana bilərsiniz, ona layiqli dost ola bilərsiniz, daxili həyəcan və hisslərinizi açıqlayaraq ona bəzi gizli sirlərinizi inamla söyləyə bilərsiniz. O, xəyanət etməz. Çünki o, ana yurdumuzun halal övladıdır.
Tükdilli xalqların istifadə etdikləri ortaq bir məsəl var: Cəngsiz ər yetişə bilməz. Bu gün vətəndaş cəmiyyətimizdə çox böyük ərlər nəsli yetişmişdir. Onlar Qarabağ müharibəsinin sınağından çıxmış və öz yurduna sadiq bir mərd övlad olduğunu sübuta yetirmiş müharibə veteranlarıdır. Bu mənada təkcə müasir silah və zirehli texnikası ilə deyil, şücaətli döyüşçüləri ilə Azərbaycan Ordusunu dünyanın güclü ordu sıralarında görürük. Obrazlı desək, bizim ordu səngərdə doğulmuş və döyüşlərdə ərsəyə gəlmişdir. Zəngin döyüş təcrübəsinə malik bir orduya sahib olduğumuza görə çox qürur duyuruq. Biz sönməz cəsarət, əyilməz hünər sahibiyik.
Ehtiyatda olan polkovnik - leytenant
İbrahim MƏSİMOĞLU
hərbi - yazıçı jurnalist