“Azad edilmiş ərazilərimizdə ekoloji vəziyyəti daim nəzarətdə saxlamaq lazımdır”
“Eko-Aləm” İctimai Birliyinin sədri Sevil Yüzbaşeva: “Oxçuçayın həddən ziyadə çirklənərək zəhərlənməsi, işğal altında olmuş qiymətli meşələrimizin məhv edilməsi, min illərlə yaşı olan abidə ağaclarımızın qırılması müşahidə edilib. Hazırda Qarabağın təbiəti reanimasiya prosesini keçir”
Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Ölkənin bir sıra su hövzələrinin və onlardakı biomüxtəlifliyin monitorinqi” layihəsini həyata keçirir. Layihənin məqsədi Azərbaycanda su hövzələrinin təmiz saxlanması və qorunmasına, sulardakı biomüxtəlifliyin qorunmasına, Qarabağdakı su resurslarına nəzarətin bərpa olunmasına, təbiətin gözəlliyinin və ətraf mühitin təmizliyinin saxlanmasına, ölkənin turizm, xüsusən də ekoturizm baxımından cəlbediciliyinin artırılmasına yardımçı olmaqdır. Layihə çərçivəsində sahəyə aid ekspertlərdən, ictimai birliklərdən və ictimai fəallardan mövzu ilə bağlı fikir və təkliflər öyrənilir. Mövzu ilə bağlı müsahibimiz “Eko-Aləm” İctimai Birliyinin sədri Sevil Yüzbaşevadır.
-Öncə təşkilatınızın fəaliyyəti və ekoloji sahədə həyata keçirdiyiniz layihələriniz, təşəbbüslərinizlə bağlı məlumat verərdiniz.
-“Eko-Aləm” İctimai Birliyi 2003-cü ildə yaranıb, 26 may 2006-cı ildə qeydiyyatdan keçib. Fəaliyyətimizin məqsədi iqlim dəyişikliyinə səbəb olan ətraf mühit çirklənmələrinin qarşısını almaq, ekoloji problemlərin həllinə yardım etmək, əhali arasında maarifləndirmə aparmaqdır. Təşkilatın fəaliyyət göstərdiyi istıqamətlər ekoloji maarifləndirmə, iqlim dəyişikliyi, şəffaflıq. Təşkilatımız bir neçə yerli və beynəlxalq koalisiyanın üzvüdür. 2009-2023-cü illər də Şura və sonralar isə Agentliklə və başqa donorlarla əməkdaşlıq etmiş, bir sıra maarifləndirici layihələr həyata keçirmişdir. “Eko-Aləm” İB layihələr çərçivəsində bir sıra maarifləndirici çap materialı kitab, broşür və posterlər “Ağacın ürək döyüntüləri”, “Ağacla tanışlıq”, “Gender və Ekoloji təhsilə yardım”, “Ekoloji Mədəniyyət və Turizm”, “İqlim dəyişikliyi nədir?” kimi kitablar, “Smoq” və “Dünyanın Tullantı Problemi” kimi broşür, “Ətraf mühiti qoru! Topla, təmizlə, tullantıları azalt!” adlı poster, “Təmiz hava – daha çox ağac” adlı poster, “Meşədə davraniş qaydalari” adlı plakatlar hazırlayaraq tədbirlər zamanı paylamışdır. 2011 indiyə qədər MHŞT Koalisiyasının üzvüdür. “Eko- Aləm” ib-yinin sədri kimi MHŞT Koalisiyasının 2012-ci ildə koordinatoru və koalisiyanın layihələr koordinatoru olmuşam. Həm koalisiyanın, həm də öz təşkilatımın layihələrində bir sıra araşdırmalar aparıb, monitorinqlər həyata keçirtmişəm. İki dəfə beynəlxalq sertifikata layiq görülmüşəm.
-Azərbaycanın ekoturistik imkanlarını necə qiymətləndirirsiniz?
-Azərbaycanın ekoturistik imkanları olduqca genişdir. Azərbaycanın zəngin, unikal təbiət əraziləri var. Buna Azərbaycanın tarixi, adət-ənənələri, mədəni irsi, milli mətbəx nümunələri, sağlamlıq və ekoturizm məkanları vardır. Çox təəssüf ki, bunlar layiqincə qorunub istifadə olunmur. Başqa ölkələr müqayisədə, turizmdən xeyli gəlir qazanırlar. Bizdə isə bu potensial nəinki düzgün qiymətləndirilmir, eləcədə doğru idarə olunmur və ancaq ayrı-ayrı şəxslər yararlanırlar.
-Azərbaycanda su hövzələrinin və onlardakı bioresursların qorunması məsələsi getdikcə aktuallaşır. Bu sahədə fikirlərini öyrəndiyimiz idman balıqçılıq birliklərinin, ekspertlərin mövqeyi də belə bir aktuallığın mövcudluğundan xəbər verir. Bu barədə mövqeyinizi bilmək maraqlı olardı.
-Bu mövzu həmişə aktual olub, ekoloji birliklər tərəfindən həmişə gündəmə gətirilib. Bioresursların qorunması prosesi demək olar ki, iflic olub. Azərbaycan Xəzər kimi bir dənizin sahilində yerləşir. Ancaq bizim əhalimiz onun resurslarından demək olar ki, istifadə etmir. Xəzər dənizinin ölü dənizə çevrilməsi an məsələsidir. Onun çirklənməsinə əsas səbəb dənizdə karbohidrogen ehtiyatlarının axtarışı, hasilatı və nəqli zamanı ekoloji tələblərin gözlənilməməsi, sənaye tullantıları, çay suları ilə dənizə müxtəlif çirkləndirici maddələrin atılması, məişət tullantı sularının təmizlənmədən Xəzər dənizinə axıdılması, üzən vasitələrdən atılan tullantılar, kənd təsərrüfatında istifadə olunan gübrələrin yağıntı və suvarma suları ilə yuyularaq çaylar-kanallar vasitəsilə dənizə axması onu bu səviyyəyə çatdırıb. Bura Volqanın, Terek və Kür çayının gətirdiyi çirklənmə və zibillənməni də əlavə etsək, onun vəziyyətinin nə qədər ağır olduğunun görərik. Vaxtilə Xəzər dənizində aparılan tədqiqatlara görə, orada 100-dən çox balıq növü olduğu deyilirdi. Xəzər dənizi unikal balıq təsərrüfatı olan su hövzəsi idi. İndi çox acınacaqlı vəziyyətə düşüb. Dediyiniz idman balıqçılığının fəaliyyəti ilə tanış deyiləm. Məqsədləri, məramları nədir bilmirəm. Bir-iki sazan tutub şəkillərini çəkib paylaşmaqdan başqa başqa bir fəaliyyət görməmişəm. Mən Discoveri kanalında balıqçılarla bağlı, xüsusən də Ceremi Veyd çəkilişlərini həmişə maraqla izləyirəm. Xəzərin nərə balığı və ikrası dünyada məşhurdur. Xəzər ixtiofaunasının əsas hissəsini şirin su mənşəli balıqlar təşkil edir. Onlara nərəkimiləri və karp, durnabalığı, naqqa, sarmaşçalı, tikanlı naqqa, sıf, xanı balığı daxildir. Bu balıqlar kürü tökmək üçün Kür çayına keçirdilər. İllərdir ki, Kürün deltası bağlıdır, artıq Kür çayı Xəzərə çatmır. Amma Volqanın yuxarı hissəsində hələ də nəhəng nərə balığına rast gəlinir. Bu barədə Ceremi Veydin çəkilişini izləmişəm o, 5 m uzunluğunda nərə balığı tutub. Mən belə balığı uşaq vaxtı görmüşəm. Düşünürəm ki, siz dediyiniz idman balıqçılıq birlikləri belə fəaliyyət göstərmələri üçün yaxşı nümunələr var.
-Ölkənin su hövzələrinin hansı ərazilərdə daha çox çirklənməyə məruz qaldığını demək olar? Həmin çirklənmə daha çox hansı səbəblərdən qaynaqlanır?
-Mənim məlumatlarıma və gördüklərimə əsaslanaraq deyə bilərəm ki, çirklənməyən su hövzəsi yoxdur. Xəzər haqqında onun çirklənmə səbəblərini yuxarıda qeyd etdim. Çaylara gəlincə, onlar bütün ölkə boyu axdıqları ərazilərdə çirklənməyə və zibillənməyə məruz qalırlar. Çayların suyundan istifadə edib, biznes fəaliyyəti, fermer fəaliyyəti ilə məşğul olanlar suyu kimyəvi çirklənməyə məruz qoyur, çay kənarında yaşayan icmalar öz məişət tullantılarını çaylara, kanallara, arxlara axıdırlar. Bütün çirklənmələrin səbəbi isə insanımızın ekoloji maariflənməməsidir. Onun ekoloji mədəniyyətə sahib olmamasından, əsasda ekoloji şüura sahib olmamasından irəli gəlir bu hal. Biz evimizi təmiz saxlayırıq, küçəmizin, şəhərimizin ən əsası da ölkəmizin təmizliyini düşünmürük. Bunun da səbəbi tullantıların idarə edilməsi ilə baölı problemlərdir. Bu, ölkədə həlli vacib olan mühüm problemdir. Bir az da geciksək, ölkəmiz zibilxanaya çevriləcək. Bizim yüksək çinli məmurumuzdan tutmuş, adi vətəndaşımıza qədər hər kəs ekoloji mədəniyyətini yüksəltməlidir.
-Ekoturistik məkanlarda fəaliyyət göstərən turzim mərkəzlərinin ekoloji mühitin təmiz saxlanmasına nəzarəti qənaətbəxş sayıla bilərmi? Getdiyiniz bu cür məkanlarda müşahidələrinizi bölüşmək maraqlı olardı.
-Ekoturistik məkanlarda da vəziyyət gərgindir. Məsələn, Altıağac kimi bir gözəl bir turizm əhəmiyyətli ərazisi olan bir yerin meşə ərazisində tikilən bir Cənnət Bağı adlanan otelin bu məkanı zibilxanaya çevirməsinə sadəcə göz yummaq olmur. Orada yaşayanlar bu meşə ərazisinə görə çox narahatdırlar və gələn hər kəsdən imdad istəyirlər. İstər meşə ərazisi olsun, istər çimərlik olsun, hər yeri zəbt edib pulla insanlara satırlar, amma ərazinin təmizliyinə cavabdehlik daşımırlar. Əgər sən burdan qazanc götürürsənsə, zəhmət çək əraziyə nəzarət et və təmiz saxla. Amma bu tərəfdən götürüb başqa tərəfə yığma, problemi kökündən həll et. Şəxsən mən nə zaman çimərlik ərazisinə getsəm, ilk növbədə, tullantıları bir kənara toplayıram ki, dəniz suları yuyub aparmasın. Bir neçə dəfə Abşeron MP-da da tədbir keçirmişik məktəblilərlə, Xəzər sahilində suların gətirdiyi zibilləri toplamışıq. Onu da qeyd edim ki, həmin parkın ərazisi ekoloji təmiz ərazidir və Abşeron MP-nın müdiri Etibar bəy başda olmaqla bütün işçiləri daim dəniz sularının yığıb gətirdiyi tullantıları toplayaraq, ərazinin təmizliyinə nəzarət edirlər. Parkın ərazisində adi halda suitilərini belə müşahidə etmək olur.
-Müvafiq qurumların ekoturistik məkanların təmizliyinin qorunması ilə bağlı hansı tədbirləri həyata keçirməli olduqları ilə bağlı fikirləriniz?
-İlk növbədə, tullantıların toplanması, emal edilməsi sahəsində fəaliyyətləri gücləndirmək lazımdır. Tullantılar idarə edilməlidir. Baxmayaraq ki, idarə üsulları yandırmaq, basdırmaq və təkrar emal etməkdir. Tullantıların idarə olunması prosesi bu tullantıların əmələ gəldiyi fəaliyyət prosesi, habelə onların yığılması (toplanması), çeşidlənməsi, daşınması, yerləşdirilməsi və emalı, istifadəsi, utilizasiyası, zərərsizləşdirilməsi və basdırılması üzrə fəaliyyətlər kimi başa düşülür. Tullantıların idarə edilməsi zamanı təkrar xammal əldə etmək mümkündür və bunun üzərindən biznes fəaliyyəti də qurmaq olar. Bir sıra inkişaf etmiş ölkələrdə bu məsələ artıq həll edilib. Yaxşı nümunələr var. Bir çox ölkələrdə, tullantılar problemi artıq qaydaya salınmışdır: qanuna tabe olan vətəndaşlar özləri zibilləri çeşidləyir və müxtəlif zibil qablarına atırlar ki, sonradan bu zibillər növlərinə görə ayrı-ayrı təkrar emala göndərilir. Amma sivillizasiya səviyyəsi aşağı olan ölkələrdə belə vəziyyəti insanlar yalnız arzu edə bilərlər. Bizim kimi ölkələrdə əvvəllər olduğu kimi, köhnə qaydalarla xüsusi adamlar zibillərin çeşidlənməsi ilə məşğul olurlar. Tullantılardan müxtəlif məhsullar istehsal etmək və ya yandıraraq enerji əldə edilməsində istifadə oluna bilər. İnanın ki, məkanlar təmiz olsa, ərazilərimizin ekoturistik potensialı dəfələrlə artar.
-Azərbaycanın azad edilmiş ərazilərində ekomühitin, su hövzələrinin qorunması ilə bağlı nələri demək olar?
-Heç kimə sirr deyil ki, Qarabağda mənfur ermənilər tək insanlarımızı öldürməyib, evlərimizi, şəhərlərimizi dağıtmayıb, onlar daha ağır cinayət törədiblər. Onlar təbiətimizi öldürüblər. Onlar bütövlükdə Qarabağda ekoloji terror törədiblər. İşğaldan azad olduqdan sonra aidiyyəti qurumlar ekoloji vəziyyətin qiymətləndirilməsi məqsədilə bir sıra monitorinqlər həyata keçiriblər. Oxçuçayın həddən ziyadə çirklənərək, zəhərlənməsi, qiymətli meşələrimizin məhv edilməsi, min illərlə yaşı olan abidə ağaclarımızın qırılması halları və s. müşahidə edilib. Hazırda Qarabağın təbiəti reanimasiya prosesini keçir və sağalma, bərpaolma prosesini yaşayır. Su hövzələrinə körpə balıqlar buraxılır, ağaclar əkilir. Burda ekoloji vəziyyəti daim nəzarətdə saxlamaq lazımdır. Su hövzələri çirkləndiricilərinin mənşəyi və mənbəyi müəyyənləşdirilməli və çirklənmənin nəticələri aradan qaldırılmalıdır.
-Qarabağın nəzarətsiz qalan ərazilərində su hövzələrinin monitorinqi zərurəti ilə bağlı nələri deyə bilərik?
-Bugünkü hadisələri diqqətə alsaq, inşallah, nəzarətsiz su hövzələri üzərində yaxın günlərdə öz hüquqlarımızı bərpa edərik. Monitorinqlər keçirib, vəziyyəti qiymətləndirərik və lazımi tədbirləri dövlətimiz həyata keçirər. Bir an öncə bu işləri həyata keçirməliyik ki, nəzarətsiz ərazi qalmasın.
-Sərsəng Su Anbarı ilə bağlı ictimai birliklərimiz, cəmiyyət həyəcan təbili çalır. Bu barədə hansı tədbirlər həyata keçirilməlidir?
-Məncə, tez bir zamanda öz hüquqlarımızı anbar üzərində bərpa etməliyik. 44 günlük müharibədən sonra da düşmən həm Mİngəçevir Su Anbarını, həm də Sərsəng Su anbarını partlatmaqla bizi təhdid edirdi. Mən də sosial şəbəkələrdə bəzi şəkillər, məlumatlar oxudum Sərsəng Su anbarı ilə bağlı. İndiyədək düşmən su anbarından səmərəli istifadəcetməyib, ya da anbarın qurudulmasına çalışıb. Bu isə həmin ərazilərdə ekoloji faciəyə gətirib çıxara bilər. 2022-cü ildə biz su anbarının vəziyyətini araşdırmaq üçün Suqovuşana getdik. Suyun səviyyəsi çox aşağı idi. Bilirsiniz ki, Suqovuşan Su anbarı Sərsəngdən qidalanır.
Qoqrud Ağayev
Facebook'da Paylaş