“Kitabxanaya kitab hədiyyə edirik” layihəsi uğurla davam edir

14-05-2024, 18:54

“Kitabxanaya kitab hədiyyə edirik” layihəsi uğurla davam edir

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-nin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında 2018-ci ildən həyata keçirilən “Kitabxanaya kitab hədiyyə edirik” layihəsi uğurla davam edir. Layihə çərçivəsində AYB-nin üzvü, Prezident təqaüdçüsü yazıçı Etibar Muradxanlı müəllifi olduğu kitabları Yasamal rayonunun kütləvi kitabxanalarına hədiyyə etdi.
Yazıçı Qarabağ müharibəsində könüllü olaraq iştirak etmiş və əsərini canlı müşahidələr, real faktlar, şəxsi təəssüratlar əsasında qələmə almışdır.
Yazıçının “Tələbə taqımı” kitabında könüllü olaraq Qarabağ cəbhəsinə yollanan tələbələrin qəhrəmanlığından bəhs edilir. Kitaba “Tələbə taqımı” romanı, “Fəridə nənəgilin pəncərələri” povesti, “Qaç nə qədər gec deyil” və “Ay çıxana qədər” hekayələri daxil edilib. Əsərlər 2002-2018-ci illrədə yazılıb.
“Siz mühasirədəsiniz, leytenant” kitabında müəllifin eyni adlı romanı və Qarabağ savaşı ilə yanaşı, həm də cinayət aləminin çəkişmələri birləşdirilib. Real faktlara söykənən bədii nümunələrlə təsvir edilən döyüş səhnələri müharibə iştirakçılarının xatirələri əsasında ümumiləşdirilib. Əsərin qəhrəmanı Saranın acınacaqlı həyatı, körpəsini doyurması üçün apardığı mübarizələr, həyatının faciəvi sonu bədii dildə təsvir edilib. “Fəridə nənəgilin pəncərələri” hekayəsində müəllif oğlu sovet zabiti olan bir ananın həyatı işıqlandırılıb.
Etibar Muradxanlının “İlin beşinci fəsli” romanı 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan igidlərimizə və qazilərimizə, Şuşanın və digər ərazilərimizin azad edilməsinə həsr olunub. Müəllifin bu əsəri sənədlər və faktlara əsaslanan, təsirli döyüş səhnələrini özündə əks etdirən müharibə səlnaməsidir. Romanın baş qəhrəmanı yenilməz Azərbaycan ordusudur, bütövlükdə Azərbaycan xalqıdır və Azərbaycanın Ali Baş Komandanıdır.
Yazıçının “282-ci adam” romanı ləzgi əsilli Azərbaycan vətəndaşı Abdulqədir Rzayevin gündəliyi əsasında yazılıb. Abdulqədir II Dünya müharibəsi zamanı Vətən uğurunda mübarizəyə qoşulur. Müharibənin ilk günlərində yaralanaraq əsir düşür və Almaniyaya aparılır, işgəncələrə məruz qalır, burada Müsavatın lideri M.Ə.Rəsulzadənin sayəsində əsirlikdən qurtulur. Əsərin qəhrəmanı azərbaycanlılara bütün mümkün vasitələrlə kömək edən, azad edilmiş azərbaycanlılardan ibarət legion yaradan və ona başçılıq edən M.Ə.Rəsulzadə ilə birlikdə çalışır. Müharibədən sonra Vətənə qayıdan A.Rzayev almanlara əsir düşdüyü üçün sovet hökuməti tərəfindən cəzalandırılır.
Yazıçının “Əsirin əsiri” kitabına iki əsər daxildir. Əsərin biri elmi fantastika, “Şeytan balası” əsəri isə antiutopiya janrında yazılıb. Hər iki povest xaos və qaranlıqla, soyuq və ümidsizliklə dolu XX əsrin 90-cı illərində insanı narahat edən milli və bəşəri, siyasi və mənəvi problemlərə həsr olunub. Mənəvi-daxili azadlıq ideyası isə bu povestlərdən qırmızı xətlə keçir və əsas qəhrəmanların mübarizəsində əks olunur.
Oxucular kitablarla Yasamal rayon Mərkəzi Kitabxanasında və kitabxana filiallarında tanış ola bilərlər.




Facebook'da Paylaş