Azərbaycanlı pianoçu Vyanada yubiley tədbirində çıxış edib

1-02-2024, 08:48


2024-cü il yanvarın 30-da Türkiyənin Vyanada yerləşən səfirliyində Türkiyə ilə Avstriya arasında imzalanan Dostluq Müqaviləsinin 100-cü ildönümünə həsr olunmuş möhtəşəm yubiley tədbiri keçirilmişdir.
Türkiyənin Avstriyadakı səfiri Ozan Ceyhunun ev sahibliyi etdiyi tədbirdə, Avstriyanın Qadın, Ailə, Mətbuat və İnteqrasiya üzrə Federal Naziri, xanım Suzan Raab, Türkiyənin Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) yanında daimi nümayəndəsi səfir Hatun Dəmir, Türkiyənin Birləşmiş Millətlər Təşkilatının (BMT) Vyana Ofisinin Daimi Nümayəndəsi Levent Eler, Azərbaycanın Avstriyadakı səfiri Rövşən Sadıqbəyli, eləcə də bir çox diplomatik korpus və qeyri-hökumət təşkilatlarının nümayəndələrindən ibarət xeyli sayda qonaqlar iştirak etmişdir. Avstriya və Türkiyənin Dövlət himnilərinin səsləndirilməsiylə açılan tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra, sonda tədbir iştirakçılarına musiqili bədii hissə təqdim edilmişdir.
Tədbirin bədii hissəsini tamaşaçılara gənc azırbaycanlı pianoçu, Avstriyanın Anton Brukner adına Konservatoriyasının tələbəsi, Respublika və Beynəlxalq Müsabiqələr Laureatı, “Qran Pri” mükafatçısı Ayan Məmmədli təqdim etmişdir. Gənc azərbaycanlı pianoçu musiqi ifasına başlamazdan əvvəl çıxış edərək, özündən əvvəlki təbriklərə qoşularaq bildirmişdir ki, “Bu gün həqiqətən həm Türkiyə dövlətinin, həm də Avstriya dövlətinin tarixində çox önəmli bir gündür. Dünya müstəvisində böyük nüfuza malik olan Türkiyə və Avstriya dövlətləri arasında 28 yanvar 1924-cü ildə əsası qoyulmuş diplomatik münasibətlərin yaradılmasının 100 illik yubileyi günü həqiqətən tarixi bir gündür. Düşünürəm ki, iki dövlət arasında yaranmış münasibətlərin artıq yaşı bir əsirdirsə bu, ölkələrin bir-birinə olan dərin hörmət və sevgisinin göstəricisidir. Biz yenicə yola saldığımız 2023-cü ildə Türkiyə Cümhuriyyətinin 100 illiyini qeyd etdik. Demək Avstriya-Türkiyə münasibətlərinin də əsası Türkiyə Cümhuriyyətinin yaranması ilə yaşıddır. Hesab edirəm ki, dövlətlər və millətlər arasında yaranan dostluğun daha da möhkəmlənməsində incəsənət və musiqinin də çox böyük rolu var. Mən bu günkü əlamətdar gün münasibtilə sizlərə təbrikimi öz musiqilərimlə bildirmək istəyirəm. Bizdə “Musiqinin sərhəddi olmaz” deyərlər. Mən isə bu günkü repertuarımda sizlərə həm Türkiyə, həm də Avstriya bəstəkarlarının əsərlərini təqdim edəcəm”.
Ayan Məmmədlinin konsert zamanı Türk mahnıları və avropa bəstəkarlarının əsərlərindən ibarət olan ifaları, tədbir iştirakçıları tərəfindən böyük hərarətlə qarşılanmışdır. Tamaşaçıların sürəkli sevgi dolu alqışlarından sonra, Avstriyanın Qadın, Ailə, Mətbuat və İnteqrasiya üzrə Federal Naziri, naziri, xanım Suzan Raabın pianoçu Ayan Məmmədliyə yaxınlaşaraq: “Ayan xanım, ifaların möhtəşəm idi. Sənin milli musiqilərinizlə yanaşı, avropa bəstəkarlarının da əsərlərini eyni şövq və məharətlə ifa etməyin bizi valeh etdi. Mən belə istedadlı gəncləri gördükdə çox sevinirəm və sizə “əhsən!” deyirəm!”
Tədbirin sonunda Türkiyənin Avstriyadakı səfiri Ozan Ceyhun və xanımı Aziza Ceyhun gənc pianoçu Ayan Məmmədliyə maraqlı musiqi təqdimatına görə öz təşəkkürlərini bildirmişlər.
Ayan Məmmədli Azərbaycan Milli Musiqilərinin ifasının əks olunduğu “Azərbaycandan dünyaya musiqi tövhəsi” adlı musiqi albomunu cənab səfir Ozan Ceyhuna hədiyyə edib.








Facebook'da Paylaş