Dekabrın 14-də Vyanada Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi və Türkiyə Cümhuriyyətinin qurulmasının 100 illiyi münasibətilə möhtəşəm tədbir keçirilib. Azərbaycan və Türkiyə səfirlikləri tərəfindən təşkil olunan, Avstriya parlamentinin üzvlərinin, Vyanada akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin, Avstriyadakı Azərbaycan diasporunun fəallarının iştirak etdikləri tədbirdə hər üç ölkənin dövlət himnləri səsləndirilib. Tədbirin rəsmi hissəsində, ölkəmizin Avstriyadakı səfiri Rövşən Sadıqbəyli, Türkiyənin Avstriyadakı səfiri Ozan Ceyhun və Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Elşad Əliyev çıxış etmiş və çıxışlardan sonra Ümummilli Lider Heydər Əliyevin siyasi fəaliyyətinə həsr olunmuş sənədli film nümayiş etdirilib. Tədbirin bədii hissəsində çıxış edən,
Respublikanın əməkdar artisti, istedadlı bəstəkar və pianoçu Turan Manafzadənin və öz çıxışına "Ulu Öndərimiz Heydər Əliyevin 100 illik yubileyi və Türkiyə Cümhuriyyətinin 100 illiyi münasibətilə ürəyimdən gələn təbriklərimi, sizlərə öz musiqi tövhələrimlə çatdırmaq istəyirəm və bundan qürur duyuram!"- sözləri ilə başlayan Avstriya Konservatoriyasının tələbəsi, Respublika və Beynəlxalq müsabiqələr laureatı, gənc pianoçu Ayan Məmmədlinin pianoda ifa etdikləri avropa, Türkiyə və Azərbaycan bəstəkarlarının əsərləri tədbir iştirakçıları tərəfindən böyük maraq və sevgiylə qarşılanmışdır!
İstedadları gənclər hər zaman ölkəmizi dünyanın böyük səhnələrində layiqincə təmsil edirlər.