Gənc pianoçu Ayan Məmmədlinin növbəti uğuru

3-01-2024, 10:17

Gənc pianoçu Ayan Məmmədlinin növbəti uğuru

İtaliyanın Albenqa şəhərində məşhur musiqiçi Memorial Maria Silvia Folconun xatirəsinə həsr olunmuş və artıq bir ənənə kimi 36 ildir mütəmadi olaraq təşkil olunan “Città di Albenga” 36-cı Beynəlxalq Piano Müsabiqəsi keçirilib. Müsabiqədə dünyanın bir çox ölkələrindən gəlmiş onlarla ifaçı arasında azərbaycanlı gənc pianoçu, Bakı şəhər T.Quliyev adına 12 nömrəli onbirillik musiqi məktəbinin məzunu və hazırda Avstriyanın Anton Brukner adına Konservatoriyasının ifaçılıq fakültəsinin bakalavr pilləsinin 4-cü kurs, həmçinin musiqi pedaqogikası fakültəsinin 3-cü kurs tələbəsi, beynəlxalq müsabiqələr laureatı, Qran-pri mükafatçısı Ayan Məmmədli də iştirak edib.

Son dərəcə gərgin keçən müsabiqədə böyük əzmlə çıxış edən və uğur qazanan Ayan Məmmədli yarışma haqqında təəssüratlarını AZƏRTAC-la bölüşüb: “Hələ uşaq yaşlarımdan Azərbaycanla yanaşı, Türkiyə, İngiltərə, Yaponiya, Rusiya, İtaliya, Avstriya, Malta və Estoniyada keçirilən xeyli sayda müsabiqələrdə iştirak edib qalib olmuşam. Bu dəfə İtaliyanın Albenqa şəhərində iştirak etdiyin müsabiqə mənim üçün son dərəcə ciddi və rəqabətin böyük olduğu gərgin bir yarışma idi. Əvvəlcə müsabiqənin bədii rəhbər İzabella Vasile dünyanın bir çox yerlərindən gələrək müsabiqəyə qatılan hər kəsə öz təşəkkürünü bildirdi. Çox sevinirəm ki, müsabiqə şərtlərinə uyğun olaraq mənim üçün ayrılmış 25 dəqiqə müddətində ifa etdiyim dahi bəstəkarlar Franz Liszt , Aleksandr Skryabin və Bela Bartokun əsərlərindən ibarət çıxışım münsiflər heyəti tərəfindən böyük rəğbətlə qarşılandı. Mən bu möhtəşəm müsabiqədə II yerin qalibi adını qazandım. Yeni 2024-cü ilin astanasında, həm müsabiqənin münsiflər heyətinin üzvləri dünyaşöhrətli görkəmli pianoçu Hector Moreno (münsiflər heyətinin sədri), Avropada Uşaq piano məktəbinin yaradıcısı Kim Monika Rayt, Genuya “N.Paqanini” Konservatoriyasının fortepiano müəllimi, görkəmli musiqiçi Cakomo Battarino, İtaliya Dövlət Konservatoriyasında fortepiano kafedrasının müdiri, professor Simone Graqnani və Verona Musiqi Konservatoriyasında və Valeggio sul Mincio-da Amadeus Akademiyasının fortepiano müəllimi Alberto Nose kimi musiqiçilərdən yüksək qiymət alaraq qalib gəldiyim, həm də bu gərgin yarışmada vətənimi və xalqımı layiqincə təmsil etdiyim üçün çox xoşbəxtəm. Fürsətdən istifadə edərək, bütün həmvətənlərimi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edir, xalqımıza sülh və əmin-amanlıq arzulayıram”.




Facebook'da Paylaş