Azərbaycanın hərb tarixi haqqında növbəti kitab çapdan çıxıb

23-07-2022, 14:39

Azərbaycanın hərb tarixi haqqında növbəti kitab çapdan çıxıb

Azərbaycanın hərb tarixi haqqında növbəti kitab çapdan çıxıb

“Azərbaycanın hərb tarixi. IV hissə (XVIII və XIX əsrin əvvəlində müharibələr və Azərbaycanın hərb sənəti)” kitabı çapdan çıxıb. Nəşrin müəllifi tarix üzrə fəlsəfə doktoru Nərminə Əmirbəyovadır (Azərbaycan Milli Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix İnstitutu). Kitab Milli Müdafiə Universitetinin Hərbi Elmi-Tədqiqat İnstitutunda hazırlanıb.
Layihənin rəhbəri və kitabın elmi redaktoru Milli Müdafiə Universitetinin Hərbi Elmi-Tədqiqat İnstitutunun professoru, “Dərbənd” xeyriyyə ictimai birliyinin sədri, ehtiyatda olan 1-ci dərəcəli kapitan, tarix elmləri doktoru, professor Nurulla Əliyev, redaktoru tarix üzrə fəlsəfə doktoru İradə Məmmədova (A.A.Bakıxanov adına Tarix İnstitutu), rəyçilər tarix elmləri doktoru, professor Tofiq Mustafazadə (A.A.Bakıxanov adına Tarix İnstitutu) və tarix üzrə fəlsəfə doktoru Ramil Niftəliyevdir (A.A.Bakıxanov adına Tarix İnstitutu).
XVIII əsrin sonu – XIX əsrin əvvəli Azərbaycanın hərb tarixində mühüm dövr olub. XVIII əsrin ortalarında müstəqil dövlətlər kimi inkişaf etməyə başlamış Azərbaycan xanlıqları yenidən həmhüdud ölkələrin – İran, Türkiyə və Rusiyanın maraq mərkəzinə düşüblər. Azərbaycan öz siyasi, iqtisadi və geostrateji əhəmiyyətinə görə bu ölkələri həmişə cəlb edirdi. Cənubi Qafqazda qanlı mübarizədən sonra Azərbaycan şimal və cənub ərazilərinə bölündü.
Kitabın dördüncü hissəsində bu mürəkkəb dövrdə Azərbaycan ərazisində baş vermiş əsas hərbi-tarixi hadisələr çoxsaylı ilkin mənbələrin və ədəbiyyatın təhlili əsasında kompleks şəkildə işıqlandırılıb.
Müəllif oxucuları göstərilən dövrdə Azərbaycanın hərbi-siyasi tarixi ilə tanış edir, müharibələr və savaşlar haqqında, hərb sənətinin, silahların və hərbi texnikanın inkişafı, döyüş əməliyyatlarının aparılması metodları, hərbi-fortifikasiya qurğularının inşası və başqa məsələlər barədə söhbət açır. Təqdim edilən işdə XVIII və XIX əsrin əvvəlində hərbi işlə Azərbaycanın siyasəti, iqtisadiyyatı və mədəniyyəti arasında əlaqə izlənilir.
Kitab tarix məsələləri ilə məşğul olan alim və mütəxəssislər, doktorant və adyunktlar, ali məktəblərin müəllimləri və tələbələri, respublikanın xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları, habelə geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.
Həm elmi, həm də tərbiyəvi baxımdan böyük əhəmiyyət kəsb edən bu kitabda böyüməkdə olan nəslin vətənpərvərlik və öz Vətəninə görə qürur ruhunda tərbiyə edilməsi üçün çoxlu nümunələr verilir.
Qarabağda Vətən müharibəsində Zəfər qazanan Azərbaycan gəncləri dövlətimizin ərazi bütövlüyünü bərpa edərək öz xalqının döyüş ənənələrinə sadiqliyini növbəti dəfə nümayiş etdirib, mərdlik, dözümlülük, hərbi peşəkarlıq və döyüş ustalığı nümunələri göstərib.




Facebook'da Paylaş