Məcburi köçkünlər üçün təlim keçirilib

20-08-2020, 12:28



"Zəngəzur" Cəmiyyətləri İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi “Məcburi köçkünlərin İnformasiya Kommunikasiya Texnologiyaları–İKT sahəsində bilik və bacarıqlarının artırılmasına dəstək” layihəsinin İcra planına uyğun olaraq, Bakının Nizami rayonu, Rizvan Teymurov küçəsi 30 ünvanındakı yataqxana binasında müvəqqəti məskunlaşan məcburi köçkünlər üçün təlim keçib. Əvvəlcə məcburi köçkünlərə QHT Şurası adından 100 (yüz) ədəd maska və layihə çərçivəsində “QHT Nəşriyyatı”nda çapdan buraxılmış “İKT-dən asan, səlis yararlan!” bukleti təqdim olunub. Karantin qaydalarına əməl olunmaqla keçirilən təlimdə ayrı-ayrı rayonlardan olan vətəndaşlarımıza müxtəlif növ kommunal, rabitə, maliyyə-bank, vergi, sosial və s. xidmətlər üçün nağdsız ödənişlərin yerinə yetirilməsinə dair əyani bilgilər verilib.
Təlimdə iştirak edən məcburi köçkünlər Qabil Qazıyev, Qəmər Quliyeva, Famil Yusifov, Kəmalə Süleymanova, Səmayə Kərimova və başqaları çıxışlarında təlimin əhəmiyyətli olduğunu bildiriblər. Xüsusilə onlara tez-tez lazım olan müxtəlif məzmunlu arayışları, sənədləri evdən çıxmadan elektron qaydada internet, kompüterdən əldə etməyin mümkünlüyünü və bunun əyani yolunu öyrənməkdən məmnun qaldıqlarını ifadə ediblər. İndiyədək hər belə sənədi almaq üçün ya rayon icra hakimiyyətinə, ya da Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə getməli olduqlarını, bunun da nə qədər vaxt itkisi, xərc, yol pulu, əsəb tələb etdiyini deyiblər. Təqdim olunan sadə, aydın dildə tərtib olunmuş bukletləri müxtəlif şəhər və rayonlarda yaşayan həmyerlilərinə də çatdıracaqlarını bildirərək, QHT Şurasına məzmunlu bukletin nəşrinə, xeyirli layihəyə görə minnətdarıq ediblər.
Xatırladaq ki, sözügedən layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi və Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin tərəfdaşlığı ilə həyata keçirilir




Facebook'da Paylaş