Xəzər rayonunun Buzovna qəsəbəsindəki 26 nömrəli orta məktəbin şagirdi Agazadə Məhəmməd Zöhrab oğlu bayrağımızı vəsf edərək yazdığı şeiri redaksiyamıza göndərib. Bütöv Azərbaycanın gələcək əsgəri həm də, bayrağına əsgəri salam verərək vəsf edib. Öz balaca ürəyində böyük vətən sevgisi daşıyan Məhəmməd balamıza yaradıcılıq uğurları və müharibəsiz, firavan gələcək arzusu ilə şeirini oxucularımıza təqdim edirik:
Dövlət Bayrağım
Qürur günü gəlib çatdı,
Torpaqlar azad olundu.
Bu dəfə də bayrağımız,
Şuşamızda dalğalandı.
Çox igidlər şəhid oldu,
Torpaq üçün keçdi candan.
Qanları yerdə qalmadı,
Azad oldu Azərbaycan!
Bu il biz birlikdə girəcəyik,
Qələbə günün qeyd edəcəyik.
Torpaqları azad edib,
Xoşbəxt ömür sürəcəyik.
Fizuli, Cəbrayıl, Kəlbəcər, Şuşa,
Qubadlı, Zəngilan, Ağdam, Laçında,
Ey gözəl bayrağım, sən uca yaşa!
Dalğalan hər zaman Qarabağımda!
Bayrağım, bayrağım, gözəl bayrağım!
Üç rəngli, şərəfli, gözəl bayrağım.
Ayparan, ulduzun parlasın hər an,
Ey şanlı bayrağım, can Azərbaycanım!