Yenilməz, Azərbaycan Ordusunun unudulmaz tarixi – 26 iyun

18-06-2024, 11:09

Yenilməz, Azərbaycan Ordusunun unudulmaz tarixi – 26 iyun

26 iyun Azərbaycan Respublikası Silahlı Qüvvələri günü-Azərbaycan Silahlı Qüvvələrinin yaranma tarixi kimi qeyd edilən rəsmi bayramdır. Ordumuzun yaradılması prosesi, belə demək mümkündürsə, xalqımızın var olma tarixidir. Tarixə nəzər salsaq görərik ki, Milli Ordumuzun yaradılmasının əsası Azərbaycan Xalq Cümhuriyyəti dövrünə 1918-ci ilə təsadüf edir. Şərqdə yaradılan ilk demokratik respublikamız qısa zaman dilimində səsini dünyaya çatdırmağı bacarmışdır. Bu səs azadlıq və müstəqillik səsi idi. Bu səs illər sonra torpaqlarını işğaldan azad edəcək, dastanlar yazacaq qəhrəmanlar ocağının səsi idi.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə bir çox sahələrlə yanaşı milli ordu quruculuğu istiqamətində mütəmadi işlər görülürdü. Bu da Rusiya İmperiyasının hegomonluğunun müsəlman xalqlarına olsn münasibəti ilə üst-üstə düşmürdü. Bütün bunlara baxmayaraq 1918-ci il 26 iyun tarixli fərmanla Azərbaycan Milli Ordusunun yaradılmasına başlandı. Avqustun 1-də AXC-nin Hərbi Nazirliyi təsis edildi. General Səməd bəy Mehmandarov dekabrın 25-də hərbi nazir, general-leytenant Əliağa Şıxlinski nazir müavini təyin edildilər.

1917-1918-ci illərdə Erməni təcavüzünün tüğyan etdiyi bir vaxtlarda Azərbaycan türklərini erməni və onların havadarlarının sinsi oyunları nəticəsində böyük təhlükə ilə üz-üzə qalmışdır. Belə bir dövrdə atılan ən tutarlı addım Azərbaycan Milli Ordusunun yaradılması idi. Qısa müddətdə fəaliyyətə başlamasına baxmayaraq Milli Ordu Osmanlı dövlətinin Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından xilas etdi. Təbii ki, aparılan islahat və görülən işlər işğalçı siyasəti həyatlarının qayəsi, dövlətin strategiyası kimi görən üzdəniraqlara sərf etmədi. Burada yadıma kademik Yaqub Mahmudovun bir sözü düşdü: “Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələri tariximizin ən ağrılı səhifələridir. Bu müqavilələr əslində beş minillik dövlətçilik tariximizin ən dəhşətli faktlarıdır. Qüdrətli imperiyalar yaratmış böyük xalqımız Gülüstan müqaviləsindən sonra öz tarixinin “olum ya ölüm” dövrünə qədəm qoydu.

Təssüflər olsun ki, Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci ilin 28 aprelində beynəlxalq hüquq normalarını kobudcasına pozan RSFSR-ın hərbi müdaxiləsi nəticəsində aradan qaldırıldı. Şimali Azərbaycanda sovet sosialist respublikası adı altında illərlə müstəqil olacağı günü gözlədi.

1918-ci ildə əsası qoyulmuş Azərbaycan ordusunun yenidən qurulması və müasir dövrün tələblərinə uyğun şəkildə inkişaf etdirilməsi ümummilli liderimiz Heydər Əliyevin ciddi səyləri nəticəsində mümkün olmuşdur. 1991-ci il avqustun 30-da Azərbaycan Respublikasının Ali Soveti “Milli özünümüdafiə qüvvələrinin yaradılması haqqında” qərar qəbul etdi. Həmin qərarın əsasında 5 sentyabr 1991-ci il tarixli fərmanla Azərbaycanda Müdafiə Nazirliyi təşkil edildi və milli ordunun yaradılmasına başlandı. 1991-ci il oktyabr ayının 9-da isə respublika Ali Soveti tərəfindən ordu quruculuğunun hüquqi bazası olan “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” qanun qəbul edildi. Azərbaycan Respublikası Prezidentinin 22 may 1998-ci il tarixli Fərmanına əsasən 26 iyun tarixi Azərbaycan Respublikası Silahlı Qüvvələri günü elan edilmişdir.

Məlum olduğu kimi, Ermənistan qanunsuz və əsassız ərazi iddialarının reallaşdırıması məqsədilə 1991-ci ilin sonu – 1992-ci ilin əvvəlində Azərbaycana qarşı tam miqyaslı müharibəyə başlamışdır. Nəticədə, Azərbaycan ərazisinin əhəmiyyətli bir hissəsi Ermənistan tərəfindən işğal edilmişdir. Müharibə nəticəsində on minlərlə insan həyatını itirmiş, şəhərlər, qəsəbələr və kəndlər dağıdılmışdır. Bütün işğal olunmuş ərazilərdə 700 mindən çox azərbaycanlı etnik təmizləyə məruz qalmışdır.

Ulu öndərin rəhbərliyi altında Azərbaycan Ordusu formalaşaraq quruculuq sahəsində aparılan məqsədyönlü siyasət nəticəsində hədəfə doğru durmadan addımlayırdı. Ordunun maddi-texniki təminatı və əsgərlərimizdə milli ruhun formalaşması istiqamətində genişmiqyaslı işlər həyata keçirilirdi.

Ali Baş Komandan İlham Əliyevin 2003-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti seçildiyi vaxtdan günümüzə qədər Onun apardığı ardıcıl siyasətin, diqqət və qayğısının məntiqi nəticəsidir ki, Azərbaycan Ordusu müasir silah-sursat, döyüş texnikası, onların keyfiyyəti, şəxsi heyətin sayı və döyüş əzmi ordumuzu dünyanın aparıcı 50 ordusu sırasına çatdırmışdır.

30 il ərzində erməni və onların havadarları torpaqlarımızın 20 faizini işğal edərək bizə meydan oxudular. Bu illər ərzində Azərbaycan xalqının şərəf və ləyaqətini tapdalamağa çalışdılar. Bütün bunlara baxmayaraq 44 günlük Vətən müharibəsində azğınlaşmış, harınlamış, quduzlaşmış, qudurmuş düşmən bizim qabağımızda diz çökdü, ağ bayraq qaldırdı, təslim oldu. Ali Baş Komandanın güclü siyasi iradəsi, xalqımızın birliyi və ordumuzun yenilməzliyi sayəsində torpaqlarımızı işğaldan azad etdik.

“Torpaq uğrunda ölən varsa, Vətəndir!”-deyib canını fəda edən Şəhidlərimizə, Allahdan rəhmət, qazilərimizə can sağlığı arzu edirəm!.

Eşq olsun Azərbaycan Ordusuna!

Allah sizi qorusun!

Orxan ORUCOV,

politoloq, Beynəlxalq Diaspora Mərkəzinin Müşaviri




Facebook'da Paylaş