Tariximizə doğan Günəş!
Tariximizə doğan Günəş! 28 May - Müstəqillik Günü 1918-ci il mayın 28-də Məmməd Əmin Rəsulzadənin rəhbərliyi altında Şərqdə ilk müsəlman Demokratik Cümhuriyyət olan Azərbaycan Xalq Cümhuriyyəti yaranaraq müstəqillik tariximizdə silinməz iz qoydu və hər bir Azərbaycan vətəndaşının qəlbində yaşayır.
Azərbaycan Xalq Cümhuriyyəti yaşadığı müddətdə gördüyü xeyli işlərlə bərabər təhsilimizə də çox böyük tövhəsini verdi. Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti tərəfindən 1919-cu ildə yaradılan Bakı Dövlət Universiteti və 1930-cu ildə ondan ayrılan Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) gənclərimizin zəkasına nurlu çıraq oldu. Savadlı gənclərimiz ali təhsil alaraq gələcəyin böyük ziyalılarına çevrildilər. Bununla da gənclər həmin universitetlərdən bəhrələnərək yüksək elmi zirvələri fəth etdilər.
Azərbaycan Xalq Cümhuriyyətinin fəal qurucularının hər biri çox böyük şəxsiyyətlər olub, vətən uğrunda canlarından keçiblər. Bizim generallarımız-Səməd bəy Mehmandarov, Əli Ağa Şıxlinski Rusiyada, Ruminiyada, Fransada böyük nüfuz qazanıblar. 1917-ci ildə Əliağa Şıxlınskini ”Rus artilleriyasının atası” adlandırıblar. Səməd bəy Mehmandarov isə brilyantlarla bəzədilmiş Georgi silahı ilə təltif olunub. Bu gün polad iradəli ordumuz Səməd bəy Mehmandarovun, Əliağa Şıxlınskinin iradəsindən güc alaraq onlardan bizə sərvət qalan bayrağımızı döyüş meydanında şərəflə dalğalandırırlar.
Vətən yolunda azadlıq çırağı
Düşmənə hər zaman olar göz dağı
Yüksəklərdən gələr səsi-sorağı
Müqəddəsdir, Azərbaycan bayrağı! Azərbaycan Xalq Cümhuriyyətinin tövhələrindən biri də sözləri Əhməd Cavada, musiqisi Üzeyir Hacıbəyova aid olan Azərbaycan himni hər bir Azərbaycan vətəndaşının qəlbində böyük sevgi ilə yaşayır.
Eyni zamanda, yaşadığı bu qısa müddətdə Azərbaycan Xalq Cümhuriyyəti daxili və xarici siyasətlə bərabər mədəniyyətimizə də öz tövhəsini vermişdir. 1918-ci ilin oktyabrında Dövlət Teatrı təşkil olunaraq “Bakı uğrunda müharibə”, “Azərbaycan” əsərləri tamaşaya qoyuldu.
Türk-müsəlman dünyasında ilk dəfə olaraq kişilərlə qadınların hüquq bərabərliyinin təmin edilməsi, qadınlara seçib-seçilmək hüququ verilməsi Azərbaycan qadınına verilən xüsusi diqqətin təcəssümü idi. Çünki, bir ölkədə qadının söz haqqı varsa, o dövlət daha güclü olar. AXC-nin sosial siyasət proqramına əsasən əsas diqqət müəssisələrdə 8 saatlıq iş gününün tətbiqinə və gecə növbəsinin ləğvinə yönəldildi. Qadınlara sağlamlığa ziyan vuran işlərdə çalışması qadağan edildi. Qadınlar işləyən müəssisələrdə körpələr evinin açılması nəzərdə tutulurdu. Azərbaycanda bu gün mövcud olan gender bərabərliyinin əsasını da Azərbaycan Xalq Cümhuriyyəti qoymuşdu.
“Azərbaycan Xalq Cümhuriyyəti doğma Vətənizimizin üzərində parlayan müstəqillik günəşidir.” (Hacı Zeynalabdin Tağıyev)
“Şübhəsizdir ki, bir gün həqiqət parıldayacaq. Azadlıq əsasını, Birləşmiş Millətlər prinsipini və insan haqlarını tutan tərəf qalib gələcəkdir!!! Bu qalibiyyət günəşi, qızıl istibdad zülmü altında inləyən əziz vətənimizdə 1918-ci ilin 28 May-ı kimi yenidən doğacaqdır. Buna qətiyyən şübhə etməyin!” (Məmməd Əmin Rəsulzadə)
Ə.Topçubaşov, M.Ə.Rəsulzadə, F.Xoyski, N.Yusifbəyli, H.Ağayev, M.Hacınski, M.Y.Cəfərov, X.Sultanov, Ə.Şıxlınski, S.Mehmandarov, S.Sulkeviç, H.Səlimov kimi qəhrəmanlarımız günəş kimi əbədi parlayacaqlar!
Bu gün 1920-ci ildə yarımçıq qalan Azərbaycan-Türkiyə arzuları reallaşır…
Hər qarış torpağın əzizdir bizə
Ürəkdən könüldən sevirik səni.
Vətən deyiləndə ürək titrəyir,
Yox olur başından dumanı, çəni.
Gün gələcək birləşəcək vətənim.
O taylı, bu taylı Azərbaycanım.
Torpağın da "Vətən" - deyib güləcək
Çiçəklənən mənim doğma diyarım.Aytac Mübarizqızı (Babayeva)
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Qiyabi və Əlavə Təhsil Mərkəzinin Ekologiya ixtisasının tələbəsi
Facebook'da Paylaş