Azərbaycanda dövlətçilik ənənələrinin möhkəmlənməsi və Heydər Əliyev

10-10-2023, 13:13

Azərbaycanda dövlətçilik ənənələrinin möhkəmlənməsi və  Heydər Əliyev

Xalqımızın Ümummilli lideri Heydər Əliyev öz parlaq siyasi zəkası və istedadı sayəsində yeni Azərbaycanı, onun bugünkü gerçəkliklərini yaratmış və gələcəyə aparan yolları müəyyən etmişdir. Məhz buna görə də Azərbaycan tarixinin 1969-cu ildən bəri yaşanan dövrü Heydər Əliyevin adı ilə sıx bağlıdır və tariximizə Heydər Əliyev dövrü kimi həkk olunmuşdur. Bu dövrün Azərbaycanın gələcək tarixi taleyi baxımından başlıca məzmunu isə azərbaycançılıqdır. Heydər Əliyevin dövlətçilik strateji proqramında azərbaycançılıq məfkurəsi xüsusi yer tutmuşdur.
Azərbaycanda dövlətçilik ənənələrinin XX əsrin sonlarında bərpa edilib zənginləşdirilməsi, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, onun əbədi, dönməz xarakter alması, ölkəmizin dinamik iqtisadi inkişaf yolu ilə inamla irəliləməsi, onun beynəlxalq nüfuzunun sürətlə artması Heydər Əliyevin səmərəli fəaliyyəti sayəsində mümkün olmuşdur. Heydər Əliyev öz müdrik rəhbərliyi, siyasi uzaqgörənliyi, qətiyyəti və əzmkarlığı ilə zəmanəmizin görkəmli siyasi xadimi kimi tanınmış, Azərbaycan xalqının Ümummilli liderinə çevrilmişdir. Azərbaycan ziyalısını keçən yüzilliklərdə ən ciddi bir şəkildə düşündürən milli dirçəliş problemləri bütöv şəkildə Heydər Əliyevin fəaliyyəti ilə strateji dövlət siyasəti müstəvisinə keçmişdir. Azərbaycanın hərtərəfli inkişafı üçün onun hazırladığı strateji istiqamətlər hələ uzun illər müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsi və gücləndirilməsi, iqtisadi qüdrətinin artırılması, xalqımızın layiq olduğu xoşbəxt həyata qovuşması işinə xidmət edəcəkdir.
Azərbaycanın müasir dövlətçiliyi tarixində müstəqillik dövrünün arxada qalan hər ilinin öz yeri vardır. Müstəqil Azərbaycanın keçdiyi sınaqlar, dövlətçiliyimizin ən ağır günlərində Heydər Əliyev qətiyyəti və müdrikliyi xalqımızı və Azərbaycanımızı həmişə xilas etmişdir. Ümummilli liderimiz keçilməsi mümkün olmayan maneələri dahiyanə yanaşması ilə böyük əzm və səylə qət etmişdir. Ulu öndər Heydər Əliyev demişdir: “Ağıl olan yerdə zora ehtiyac yoxdur. Tarix həmişə hər şeyi öz yerinə qoyur”.
Azərbaycan xalqının dahilik rəmzi olan Heydər Əliyevin dövlət, millət qarşısında tarixi xidmətləri zaman keçdikcə daha aydın görünür. Aydın görünür ki, Heydər Əliyev rəhbərliyinin bütün dövrlərində daim tərəqqisi üçün çalışdığı, zəngin mədəniyyəti, böyük tarixi keçmişi ilə həmişə qürur duyduğu və gələcək nəsillərin taleyi üçün düşündüyü doğma yurdu Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxarmışdır. O, böyük siyasi və dövlət xadimi, xalqın şəksiz lideri olaraq hələ sağlığında canlı əfsanəyə çevrilmiş, buna görə də Heydər Əliyev fenomeni həmişə diqqətləri cəlb etmiş, heyranlıq doğuracaq dərəcədə coşğun siyasi fəaliyyəti istər ölkə, istərsə də dünya miqyasında kök atmışdır.
Ulu Öndərin uzaqgörən müdrik siyasəti nəticəsində müstəqil Azərbaycan dünya xalqları içərisində inkişaf etmiş dövlətlər birliyində öz layiqli yerini tutmaq, tərəqqi etmiş ölkələr sırasına qoşulmaq yolunda böyük inam və qətiyyətlə irəliləmişdir. Qısa müddətdə Azərbaycanın beynəlxalq imici dəyişmiş, ölkəmiz dünyanın siyasi və iqtisadi arenasının fəal subyektlərindən birinə çevrilmişdir. Bütün ölkədaxili, regional və coğrafi-siyasi maneələrə baxmayaraq, Azərbaycan dövlət quruculuğu və iqtisadi inkişaf sahəsində böyük nailiyyətlər əldə etmişdir. Məhz Heydər Əliyevin hakimiyyəti dövründə ölkədə siyasi plüralizm yaranmış, cəmiyyət əsl demokratiya yolu ilə inkişaf yoluna çıxmışdır.
Xüsusi vurğulanmalıdır ki, müstəqil Vətənimizin sosial, iqtisadi, siyasi inkişafı, Cənubi Qafqaz bölgəsində sülhün və əmin-amanlığın bərqərar olması istiqamətində Heydər Əliyev dühasının yeritdiyi siyasi kurs - Azərbaycanın beynəlxalq aləmə geniş inteqrasiyasına rəvac verən bu tərəqqi yolu ölkəmizin sayılıb-seçilən dövlətlər arasında öz layiqli yerini tutmasına, ən əsası isə xalqımızın firavan və xoşbəxt gələcəyinə tam təminat vermişdir.
Bu gün də Heydər Əliyevin müəyyən etdiyi yol davam etdirilir. Azərbaycan inkişaf edir, ən uca zirvələrə qalxır, beynəlxalq almədə öz nüfuzunu daha da gücləndirir. İndi Heydər Əliyev ideyaları Azərbaycan dövlətinin strateji inkişaf xəttinin ideoloji əsaslarını təşkil edir. Onun xalqımız, Vətənizmiz qarşısında ən böyük və müqəddəs borcu onun məmləkətimizin nailiyyətlərini gələcəkdə yaşatmaq və daha da təkmilləşdirmək iqtidarında olan layiqli, ləyaqətli bir varisi - İlham Əliyevi yetişdirməsidir. Belə ki, İlham Əliyev türk dünyasının ən qüdrətli sərkərdəsinin, Heydər Əliyev kimi azman siyasi liderin, qüdrətli zəka sahibinin yanında, siyasi kürəsində bərkimiş, yetkin dövlət başçısı olduğunu məsuliyyətli fəaliyyətində təsdiqləmişdir. Əgər indi ulu öndərin siyasi varisi, layiqli davamçisı İlham Əliyev bütün varlığı ilə müstəqil Azərbaycanımızın siyasi, iqtisadi və mədəni inkişafı istiqamətində həlledici əhəmiyyətə malik işlər görürsə, deməli, Heydər Əliyev ideyalarının həyata keçirilməsi başlıca vəzifə kimi öz aktuallığını saxlayır və xalq da öz Prezidentinin həyata keçirdiyi məqsədyönlü siyasəti dəstəkləyir. Artıq bu bir reallıqdır ki, Azərbaycan ümummilli liderimizin müəyyən etdiyi strateji və alternativi olmayan siyasi xətt ilə inamla irəliləyir, dövlətimiz gənc və dərin zəkaya malik liderlə daha sürətlə inkişaf edir. Azərbaycan getdikcə qüdrətli və dayanıqlı ölkəyə çevrilməklə dünya miqyasında öz mövqeyini və yerini möhkəmləndirir. Ölkə Prezidenti İlham Əliyev demişdir: “Mənim məqsədim budur ki, Azərbaycan xalqı daha da yaxşı yaşasın, əmin-amanlıq olsun, inkişaf olsun. Ölkəmiz daha da inkişaf etsin, güclənsin və Azərbaycan dünyada daha da möhkəm bir dövlətə çevrilsin”.


Təranə Tağıyeva – BDU, Beynəlxalq munasibətlər və iqtisadiyyat fakultəsinin dosenti, Tarix üzrə fəlsəfə doktoru




Facebook'da Paylaş