Dostumuz Əkbər Qoşalı Qazaxıstanın Əməkdar İncəsənət xadimi, şair Rafael NİYAZBEKin "Qarabağın gözyaşı" şeirini Azərbaycan türkcəsinə uyğunlaşdırıb. Şeiri Ordum.az-ın oxucularına təqdim edirik:
Qardaşın müqəddəs Qarabağ yurdu,
Uzun illər işğal altında qaldı;
İki dövlət arasında hərb oldu,
Hər tərəfi yaxan atəş ucaldı.
Suvardı torpağı acı göz yaşı –
Qarabağı qara güclər qaraltdı.
Nur çöhrəli axar çaylar çəkildi,
Ağaclar qurudu – kölgəsiz qaldı...
Qan-qada içində şərəf əzildi,
Demirəm, cavanlar atlanmamışdı.
Saf çöhrəsi soldu Qarabağımın,
Ümidsiz günümüz heç olmamışdı...
Bir bəla kök atıb, böyürsə əgər,
Nə üçün düz-dünya susqun dayanar?
Qarabağ şərəfi zədələnərkən,
Acı duymadımı barı qardaşlar?
Dünya yaranandan bugünə qədər,
Ağlayan rüzgarlar əsər hər yana.
Qarabağdan qalxan ahu-nalələr,
Yayılar cahanın dörd bucağına.
Həmişə dərdlinin yanında oldum,
Şeirim qanadlandı diyarbədiyar.
Əlbət, türk dünyası bir yumruq olsa,
Müsəlman torpağı heç vaxt ağlamaz...
Gün doğmadan nələr doğar... bil, bunu,
Bulud göyüzündən qatarla keçər...
Qardaşlarım, azad olduğu gündü,
Daha Qarabağın gözləri gülər.
Əkbər QOŞALI