Azərbaycan daha 6 erməni hərbçinin meyitini Ermənistana təhvil verib - RƏSMİ
Azərbaycan sentyabrın 23-də Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəsilə ərazidə tapılmış daha 6 erməni hərbçinin meyitini Ermənistan tərəfinə təhvil verib.
Bu barədə Ordum.az-a Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından bildirilib.
Meyitlərə Azərbaycan Hərbi Prokurorluğunun iştirakı ilə baxış keçirilib və onların üzərində hər hansı zorakılıq əlamətlərinin olması müəyyən edilməyib.
Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin sentyabrın 12-14-də Azərbaycan-Ermənistan sərhədində törətdikləri genişmiqyaslı təxribatlara qarşı Azərbaycan Ordusunun əks-hücum əməliyyatı nəticəsində həlak olaraq ərazidə qalmış erməni hərbi qulluqçularına aid meyitlərin axtarışı həyata keçirilir.
Xatırladaq ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib. Azərbaycan Silahlı Qüvvələri adekvat cavab tədbirləri görüb. Nəticədə Ermənistan silahlı qüvvələrinin 207 hərbçisi ölüb, 293 nəfər yaralanıb, 20 hərbçi əsir, 2 nəfər isə itkin düşüb.
Hazırda sərhəddə vəziyyət sabitdir, atəşkəsə əməl olunur.
Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatının qarşısını alarkən Azərbaycan Silahlı Qüvvələrinin 80 hərbi qulluqçusu şəhid olub, 281-i yaralanıb və müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası bu günədək Azərbaycan tərəfinin 32 və 95 olmaqla ümumilikdə 127 erməni hərbçinin meyitini Ermənistana təhvil verdiyini açıqlayıb.
Facebook'da Paylaş