DTX-də İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın rəhbər şəxsləri ilə görüş keçirilib

4-04-2022, 19:49

DTX-də İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın rəhbər şəxsləri ilə görüş keçirilib

Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Əli Nağıyev ölkəmizdə səfərdə olan İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın baş direktoru xanım Katrin Bombergeri və qurumun Siyasət və Əməkdaşlıq üzrə direktoru Andreas Kleyzeri qəbul edib.

Ordum.az qurumun saytına istinadən xəbər verir ki, Dövlət Komissiyasının sədri Əli Nağıyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Birinci və İkinci Qarabağ müharibələri zamanı itkin düşmüş Azərbaycan vətəndaşlarının axtarışı, naməlum məzar yerlərinin ekshumasiyası və meyit qalıqlarının eyniləşdirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlərin görüldüyünü qonaqların diqqətinə çatdırmışdır. Komissiya sədri dünyanın bir sıra müharibə bölgələrində və təbii fəlakətlər zamanı itkin düşmüş şəxslərin axtarışı, məzar yerlərinin ekshumasiyası və meyit qalıqlarının eyniləşdirilməsi sahəsində böyük iş təcrübəsinə, kadr potensialına və texniki imkanlara malik olan İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın bizim müvafiq Dövlət Komissiyası ilə əməkdaşlıq etmək barədə qərarını yüksək qiymətləndirdiyini, 30 ilə yaxın müddət ərzində itkin düşmüş qohumları barədə hər hansı məlumat ala bilməyən ailələrin intizarına son qoyacağına ümidini ifadə edib.

Azərbaycana səfərdən və yüksək səviyyəli qəbuldan məmnunluğunu bildirən xanım Katrin Bomberger rəhbərlik etdiyi təşkilatın 1996-cı ildə yaradıldığı və 2014-cü ildə beynəlxalq təşkilat hüququ aldığı barədə məlumat vermiş, qurumun bölgədə baş vermiş silahlı münaqişə nəticəsində itkin düşmüş şəxslərin sonrakı taleyinin müəyyən edilməsi istiqamətində tərəflərlə əməkdaşlığa hazır olduğunu, yaxınlarını itirmiş ailələrin əzablarına son qoyulması üçün çalışacaqlarını bildirib.

Sonra Əli Nağıyev və Beynəlxalq Komissiyanın baş direktoru Katrin Bomberger itkin düşmüş şəxslərə aid məzar yerlərinin ekshumasiyası və meyit qalıqlarının eyniləşdirilməsi sahəsində əməkdaşlığa dair Protokol imzalayıblar.

İmzalanma mərasimindən sonra İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiya rəhbərliyinin bir qrup itkin ailəsi ilə görüşü keçirilib, ailələri maraqlandıran suallar cavablandırılıb.




Facebook'da Paylaş