Dostlar, Siz razısınızmı?

1-07-2022, 12:12

Dostlar,  Siz razısınızmı?


Şehla Cabbarlı


Hörmətli oxucular, tarixçi-araşdırmaçı Şəhla Cabbarlının Azərbaycan sevgisilə güllənən yolu, hələ tələbəlik illərindən, "Bütöv Azərbaycan" qəzetinin redaksiyasından keçib. Şəhla xanım redaksiyamızın sevimlisi, kollektivimizin həmişə yolunu gözlədiyi bir vətənpərvərdir. Onun qürbətdə dəfn olunan ünlülərimizin nəşinin Azərbaycan Respublikasına gətirilməsi təklifinə şəxsi yanaşması var. Bir araşdırmaçı-tarixçinin fikirlərinin sizin üçün də maraqlı olacağını düşünüb sizlərlə bölüşmək istədik:

Dostlar, Siz razısınızmı?
Qüdrət Həsəquliyev parlamentdə çağırış etdi ki, M.Ə.Rəsulzadənin nəşi Ankaradan, Ə.B.Topçubaşovun nəşi Fransadan, F.X.Xoyskinin nəşi isə Gürcüstandan Bakıya köçürülsün. Onlar Fəxri Xiyabanda dəfn olunsunlar. Necə ki, bir vaxtlar Heydər Əliyev Hüseyn Cavidin nəşini Azərbaycana gətirdi, bu mümkündür.
Doğrudur, hamıdan çox bu torpaqda uyumağı haqq edən həmin babalarımızdır. Özləri də bu arzu ilə köçdülər dünyadan.
Amma mən öz yerimə buna qismən razı deyiləm. Rəsulzadənin yeri bəyəm hələ də sərgilənən bolşeviklərlə, boy-boy sıralanan xəyanətkarlarla dolu olan Fəxri Xiyabandır?
Bəli, orada çox dəyərli, görkəmli şəxsiyyətlər var, amma qəbul edək ki, Rəsulzadə bu ölkədə heykəli yıxılmış, heykəlinin başına torba keçirilmiş, ev muzeyi olmayan, öz evi belə muzey edilməyən, uşaq bağçası olan, xatirə baralyevi beş dəfə yanlış düzəlişlərlə, dəyişdirilən, yazılı daşı illərdir universitetin həyətində qalan şəxsiyyətdir. Novxanıda bircə heykəli var, ora da getmək qəbahətdir.
Rəsulzadəyə hansı dəyər verilib?
Onun məzarı elə Ankarada daha müqəddəsdir. Orada əmanət kimi qorunur. Həm məzar açmaq, narahat etmək günahdır.
Ə.B.Topçubaşinin məzarı qürbətdədir. Onun bildiyim qədər vəsiyyəti, arzusu olub vətəndə dəfn olunmaq. Bu arzunu gerçəkləşdirmək olar.
Bəs, Fətəli xan Xoyskinin qəbri niyə Gürcüstandadır? Bunun bir tarixi var, hekayəsi var. Sabah-birigün onlar Bakya gətiriləndə, o hekayə də unudulacaq... Onsuz da tarixi oxumayan nəsil elə biləcək, əvvəldən Bakıda dəfn olunublar.
İnanın, qurucu babalar bu gün də vətənə xidmətdədirlər. Məzarların müxtəlif yerlərdə olması həm də düşündürür, tarixi araşdırtdırır, həqiqətlərə yol açır ki, bax, ey xalq!
Bu gün bizim məzarlarımız hər biri başqa-başqa yerlərdədir. Amma niyə? Bir düşün! Bizə bax, ölkənin gələcəyini qur! Gör, düşmənin kimdir, dostun kimdir?! Biz yoxdan dövlət yaratdıq, amma o ölkədə dəfn olunmadıq. Niyə???
Baxın, Azərbaycan Cümhuriyyətinə bir az gec qatılan, amma nizami ordu quran S.B.Mehmandarovun qəbri ki Bakda idi. Amma Kirova heykəl ucaldanda, kürüyüb atdılar. İzi, tozu da qalmadı. Mehmandarovun ölkəyə dəvət etdiyi generallar şaqqalandılar, qəbirləri belə yoxdur .
Əliağa Bəy Şıxlınskinin qəbri itib, batmışdı Yasamal qəbristanlığında, araşdırıb tapdılar.
Topçubaşovun qürbətdəki tənha məzarı ilə Şıxlınskinin ana vətəndəki məzarının nə fərqi var? O da tənha, baxımsız, sıradan bir məzar.
Mən də bəzən hissi yanaşıram, vətən, torpaq mövzusu adamı kövrəldir, amma reallıqlar da var...Reallıqlar hissi yanaşmağa imkan vermir. Məncə, adamlar elə yatdıqları yerdə rahat yatsınlar. Ruhları inciyir, barı qəbirlərini incitməyin.
Fikirləriniz çox önəmlidir.




Facebook'da Paylaş