BMT, Aİ, Dünya Bankının ekspertləri işğaldan azad edilmiş ərazilərə gedəcək
Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində bərpa və yenidənqurma ehtiyaclarının Bərpa və Sülh Quruculuğunun Qiymətləndirilməsi (RPBA) metodologiyası əsasında qiymətləndirilməsi üzrə BMT, Avropa İttifaqı (Aİ), Dünya Bankının ekspertlərindən ibarət missiyası Azərbaycana səfərə gəlib.
Ordum.az-ın xəbərinə görə, səfər zamanı Ağdam, Füzuli və Cəbrayıl rayonlarında həyata keçirilən işlər və ehtiyaclarla tanışlıq nəzərdə tutulur.
Səfər çərçivəsində nümayəndə heyətinin Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin rəhbərliyi və Mərkəzin nəzdində fəaliyyət göstərən işçi qrupların rəhbərləri ilə görüşü keçirilib.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir müavini, İdarələrarası Mərkəzin Katibliyinin rəhbəri Nüsrət Süleymanov Əlaqələndirmə Qərargahının fəaliyyəti barədə məlumat verib, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa və quruculuq işlərinin həyata keçirilməsində Qərargah çərçivəsində mövcud qurumlararası əlaqələndirmə mexanizminin əhəmiyyətini qonaqların diqqətinə çatdırıb.
Görüşdə çıxış edən Azərbaycan Respublikası Prezidentinin Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) xüsusi nümayəndəsi Emin Hüseynov ekspert missiyasının əhəmiyyətini vurğulayaraq nümayəndə heyətinin əraziyə gözlənilən səfəri zamanı görülən işlərlə yerində tanış olacaqlarını nəzərə çatdırıb.
Sonra İdarələrarası Mərkəzin işçi qrup rəhbərləri tərəfindən qonaqlara işğaldan azad edilmiş ərazilərin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi, Ümumi planın, şəhərlərin Baş planlarının hazırlanması, rabitə, nəqliyyat infrastrukturunun yaradılması, ərazinin dayanıqlı iqtisadi inkişafı, enerji təminatı, ekoloji durumu və meşəbərpa məsələləri, tarixi və mədəniyyət abidələrinin mövcud vəziyyəti və bərpası, ərazilərə əhalinin qayıdışı ilə bağlı görülən işlər barədə məlumat verilib.
Daha sonra işğaldan azad edilmiş ərazilərdə görülmüş işlərə dair statistik məlumatlar qonaqlara təqdim edilib.
Görüşdə ekspertləri maraqlandıran suallar ətrafında fikir mübadiləsi aparılıb. Səfərin nəticəsi olaraq ekspert missiyası tərəfindən ilkin hesabatın hazırlanması nəzərdə tutulur.
Facebook'da Paylaş