2017-ci il bitmək üzrədir. Bu il ölkəmizdə bir sıra sahələrdə önəmli hadisələr baş verdi.
Bəs 2017 Azərbaycanda hərbi sahə üzrə nə ilə yadda qaldı?
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aydın Mirzəzadə Modern.az-a deyib ki, 2016-cı ilin aprel ayında baş verən döyüşlər 2017-ci ilə də təsir etdi.
“Azərbaycanın hərbi qüdrətinin kifayət qədər güclü olduğu və Qarabağ probleminin hərb yolu ilə həll edilməsi daim Azərbaycan və xarici mətbuatın gündəmində olub. Silahlı Qüvvələrimizin peşəkarlığının artırılması sahəsində çox böyük işlər görüldü, hərbi təlimlər keçirildi. Yeni texnika və silahlar alındı, onların idarə edilməsi üçün şəxsi heyətlə böyük işlər aparıldı. Bu gün Azərbaycan ordusu ən müasir silahlarla silahlanmış ordulardan biri sayılır. Azərbaycan və Türkiyə hərbi-texniki sahəsində növbəti dəfə birgə addımlar atdı. Bu gün peşəkarlıq, texnikaya yiyələnmək və hərbi əməkdaşlıq kifayət qədər yüksək səviyyədədir. Azərbaycan cəmiyyətinin öz ordusuna, onun qalibiyyətinə inamı həddindən artıq böyükdür”.
Hərbi yazar Rəşad Süleymanov bildirib ki, 2017-ci il ordu quruculuğunda bir sıra yeniliklərlə yadda qaldı.
“2017-ci ilin mühüm tədbirlərindən birincisi bir neçə böyük hərbi hissənin açılışları oldu, Bakıda ordu korpusunun qarnizonu açıldı. Naxçıvan Muxtar Respublikasında keçirilən hərbi parad 2017-ci ilin ən böyük hərbi hadisələrindən biri sayıla bilər. Naxçıvanda ilk hərbi parad 1992-ci ildə ulu öndər Heydər Əliyevin dövründə keçirilmişdi. Bu il keçirilən parad Azəbaycanın Bakıdan kənarda keçirdiyi ən böyük paraddır. Parad Ermənistan tərəfini kifayət qədər qorxuya saldı. Silahlanma baxımından da 2017-ci il əlamətdar oldu. “Barak-8” zenit-raket kompleksinin silahlanmaya qəbulu, Çexiyadan 152 millimetr çaplı “SpGH Dana” özüyeriyən haubitsalar və RM-70 “Vampir” reaktiv yayılım sistemlərinin alınması, Azərbaycanın yerli istehsalı olan kamikadze tipli “Zərbə” pilotsuz aparatının istifadəyə verilməsi hərbi sahə üçün əlamətdar hadisələrdir”.
R.Süleymanov bildirib ki, 2017-ci ildə cəbhədə gərginlik davam edib:
“Gərginlik hətta bəzi məqamlarda pik həddə çatdı. Xüsusilə də ermənilərin dinc əhalini hədəfə alması 2017-ci ilin gərgin hadisələrin biri olaraq xarakterizə edilə bilər. Hərbi əməkdaşlıq sahəsində də 2017-ci il əlamətdar oldu. Ötən ay Ali Baş Komandan Azərbaycanın Əfqanıstandakı sülhməramlı qüvvələrinin artırılacağını bəyan etdi və bu da Azərbaycanın beynəlxalq sülhyaratma funksiyana öz töhfəsini verdiyini göstərdi.
Sərhəd təhlükəsizliyi baxımından da bu ili əhəmiyyətli adlandırmaq olar. Təbii sərvətlərimizin mühafizəsi istiqamətində təlim keçirildi və o təlimdə Azərbaycan sərhəd mühafizəsinin əldə etdiyi silahlar, pilotsuz aparatlar, raket sistemləri praktik tətbiq olundu”.
R.Suleymanovun sözlərinə görə, 2017-ci il hərbi sahədə bəzi xoşagəlməz hadisələrlə də yadda qaldı.
“Xızıda yerləşən Müdafiə Sənayesi Nazirliyinin anbarının partlaması 2017-ci ilin ən xoşagəlməz hadisəsi kimi göstərilə bilər. Bundan başqa, bu il ən böyük uğurlardan biri də ordumuzda illərlə kök atan casus şəbəkəsinin aşkarlanması oldu. Bununla da bir növ ordunun içdən təmizlənməsi baş tutdu”.