Hərbi xidmətlə bağlı qanun dəyişdirilir

8-09-2017, 16:05



 “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna dəyişiklik edilir. Modern.az-ın məlumatına görə, qanunun 4.2-ci bəndində qeyd edilib ki, çağırışçıların və hərbi vəzifəlilərin hərbi qeydiyyatı onların yaşayış yeri üzrə aparılır. Beləliklə də çağırışçıların və hərbi vəzifəlilərin hərbi qeydiyyatını aparan qurumlar dəyişdirilir.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Zahid Oruc dəyişikliyi şərh edib. Deputat bildirib ki, layihəyə əsasən, hazırda qüvvədə olan “Çağırışçıların və hərbi vəzifəlilərin hərbi qeydiyyatı onların yaşayış yeri üzrə, 3 aydan artıq müddətə yaşayış yerini dəyişdirdikdə isə olduğu yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır” bəndi ləğv edilir. Əvəzində göstərilən müddət qüvvədə qalmaqla, qeydiyyatı yalnız şəxsin xidmət etdiyi qurumun aparması təklif olunur.

Z.Oruc Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti və Dövlət Təhlükəsizlik Xidmətinin yaradılması ilə bəzi vacib dəyişikliklərin gündəmə gəldiyini qeyd edib.


“Bu qurumlarda kəşfiyyat və əks- kəşfiyyat xidmətinin subyektləri məlumat daşıyıcılarıdır. Onlar xidmətlərini başa vurduqları zaman da yenə də üzərilərində həmin öhdəliklər qalır. Həmin şəxslərin malik olduqları məxfi məlumatları yaymamaq öhdəliyi var.  Bu şəxslər həmin qurumlarda fəaliyyəti başa çatdırdıqdan sonra onların adları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin siyahısına düşürdü. Halbuki, bu, müəyyən qədər təhlükə deməkdir. Hazırda ediləcək dəyişikliyə əsasən isə həmin şəxslərin adları xidmət etdikləri qurumların ehtiyat siyahısında qalacaq. Beləliklə, bu, onların gizliliyini təmin edəcək”




Facebook'da Paylaş