LƏZGİ QARTALI
QƏHRƏMANLARIMIZI TANIYAQ!İkinci Qarabağ müharibəsi Azərbaycanın hərb tarixinə şanlı səhifələr yazdı. Ordumuz bu ölüm-dirim savaşında böyük hünər və səriştə nümayiş etdirdi. Torpaqlarımızın işğaldan azad olunması uğrunda əsgər və zabitlərimiz misilsiz qəhrəmanlıqlar göstərdilər. Bir çox igidlərimizin adları xalqın dilinin əzbərinə çevrildi. Onların arasında “Ləzgi qartalı” ləqəbi ilə məşhur olan polkovnik Tehran Mənsimovun da adı var.
Uşaq yaşlarından tanıdığım bu gənc hərbiçinin xidmət pillələri ilə necə yuxarı qalxdığını görmək qürurvericidir.
Döyüşlər başlanan ilk günlərdən sosial şəbəkələrdə bu əfsanəvi polkovniklə bağlı bir-birindən maraqllı məlumatlar, videogörüntülər yayılmağa başladı. Noyabrın-7-də isə erməni saytları polkovnikin öldürülməsi ilə bağlı məlumat yaydılar. Bu xəbərin hamı kimi məni də sonsuz dərəcədə sarsıtdığını unuda bilmirəm. Lakin tezliklə həmin xəbərin yalan olduğu üzə çıxdı. Bundan qəzəblənən düşmən tərəf polkovniki aradan götürənə pul mükafatı təyin etdi. Ələkeçməz polkovnik yenidən öz pəhləvan görkəmi, işıqlı təbəssümü, şirin ləzgi ləhcəsi ilə diqqət mərkəzində oldu. Minlərlə pərəstişkarı ona olan sevgisini etiraf etməkdən çəkinmədi.
Naxçıvan xüsusi təyinatlılarının komandiri polkovnik Tehran Cavid oğlu Mənsimov 1972-ci il avqustun 24-də Qusar rayonunun Düztahir kəndində anadan olub. Qusar şəhərində təhsil alıb. C.Naxçıvanski adına hərbi liseyi və Ali Hərbi Məktəbi bitirib.
1992-ci ildən Füzuli, Beyləqan və başqa rayonlarda xidmət edib. Uzun illərdir taleyini Naxçıvan qarnizonu ilə bağlayıb.
Bu cəsarətli və qorxmaz hərbçinin səriştəliliyindən, savadından, geniş dünyagörüşündən çox danışmaq olar. Lakin onu ən çox sevdirən tabeliyindəki hərbçilərə qarşı son dərəcə diqqətcil və qayğıkeş olmasıdır. Hər sahədə nümunə olmağı bacaran Tehran Mənsimov keçən il Naxçıvanın 24 qarnizonundan 72 hərbçinin iştirak etdiyi güllə atıcılığı yarışlarında birinci yerə layiq görülmüşdür. Bu ilin yayında o, Naxçıvanda keçirilmiş Türkiyə-Azərbaycan birgə hərbi təlimlərində ölkəmizin hərbi qərargahının əlaqələndiricisi kimi mühüm missiyanı yerinə yetirmişdir.
Şuşanın alınmasında Naxçıvan xüsusi təyinatlılarının, eləcə də onların komandiri Tehran Mənsimovun göstərdiyi qəhrəmanlıqlar haqqında hələ kitablar yazılacaq, filmlər çəkiləcək. Tanksız, artilleriyasız keçilməz yollar, sərt sıldırımlar aşıb düşməni ram edən, Şuşaya qələbə sevinci gətirən bu igidlər isə artıq əfsanələşdi. Fəxr edir, qürur duyuruq!
Sədaqət Kərimova
Facebook'da Paylaş