Vətən Müharibəsinin 42-ci günü: 7 noyabrda nələr baş verdi?

7-11-2021, 08:41

Vətən Müharibəsinin 42-ci günü: 7 noyabrda nələr baş verdi?

7 noyabr 2020-ci il. Noyabrın 6-sı gün ərzində və 7-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində Ordumuzun mövqelərini və yaşayış məntəqələrimizi müxtəlif atıcı silahlar, top və minaatanlardan atəşə tutdu.

Döyüş əməliyyatları müxtəlif intensivlikdə əsasən cəbhənin Ağdərə, Ağdam və Xocavənd istiqamətlərində davam edirdi. Düşmən cəbhənin bəzi sahələrində şəxsi heyət və hərbi texnikada itkilər verərək geri çəkilməyə məcbur edilmişdi.

Cəbhənin Ağdərə istiqamətində Ermənistan silahlı qüvvələrinin 5-ci dağatıcı alayının müdafiə sahəsində döyüş mövqelərinin artilleriya atəşinə tutulması nəticəsində şəxsi heyət arasında ölən və yaralananlar oldu. Düşmənin bir neçə avtomobil texnikası və minaatan qurğusu sıradan çıxarıldı.

Azərbaycan Ordusu bölmələri tərəfindən həyata keçirilən əməliyyat nəticəsində düşmənin 6-cı dağatıcı alayın 1-ci taboru bölmələrinin şəxsi heyət arasında da itkilər var idi. Düşmənin D-30 artilleriya divizionunun 3-cü batareyasının topları da sıradan çıxarılmışdı.

Mənfur düşmən Ordumuzun döyüş meydanında qazandığı qələbələri həzm edə bilmir, bunun acığını mülkü əhalinin yaşadığı kəndləri atəşə tutmaqa çıxmağa çalışırdı. Elə noyabrın 7-də də Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər rayonunun Şıxarx qəsəbəsini, Qazyan və Hüsənli kəndlərini, Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndini, Ağdam rayonunun Çullu və Çıraqlı, Bərdə rayonunun Əyricə kəndini artilleriya atəşinə tutdu. Nəticədə bir sakin həlak oldu.

Ermənistan mediası isə guya Azərbaycanın Qubadlı rayonu ərazisindən Ermənistanın Qafan şəhəri yaxınlığındakı David Bek kəndinin atəşə tutulması barədə məlumat yaydı. Müdafiə nazirliyi isə bu xəbərin dezinformasiya olduğunu açıqladı.

Əksinə Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan ərazisindən Qubadlı rayonunun işğaldan azad olunmuş kəndlərini və Azərbaycan Ordusu bölmələrinin mövqelərini gün ərzində intensiv atəşə tutmuşdu.

Ordumuz isə yalnız sərhədlərimiz çərçivəsində düşmənin atəş nöqtələrinə qarşı adekvat tədbirlər görürdü.

Döyüşlər gedə-gedə Müdafiə nazirliyi işğaldan azad olunan kəndlərimizdən videogörüntülər yayırdı. 7 noyabrda da Cəbrayıl rayonunun işğaldan azad olunan kəndlərinin videogörüntüləri paylaşıldı.

Amma günün ən xoş xəbəri hər zamanki kimi Prezident, Ali Baş Komandan İlham Əliyevdən gəldi. Dövlət başçısı özünün "Twitter" hesabından Füzulinin Yuxarı Veysəlli, Yuxarı Seyidəhmədli, Qorqan, Üçüncü Mahmudlu, Qacar, Divanalılar, Cəbrayılın Yuxarı Məzrə, Yanarhac, Qubadlının Qəzyan, Balasoltanlı, Mərdanlı, Zəngilanın Beşdəli, Xocalının Qarabulaq, Moşxmaat, Xocavəndin Ataqut, Tsakuri kəndlərini işğaldan azad edildiyini açıqladı.

Vətən Müharibəsinin ən xoş xəbərini eşitməyimizə isə cəmi 2 gün qalırdı.




Facebook'da Paylaş