İbrahim Rüstəmli: Bu bir Türk Bayrağıdır!

9-11-2021, 12:45

İbrahim Rüstəmli: Bu bir Türk Bayrağıdır!


Qələbə soraqlı Bayraq Günün mübarək, VƏTƏN!
Sənə Vətən deyən İnsanlar, Bayraq Gününüz mübarək!..


Vətən Vətəndir, oğlum, bölünən harası var,
Gözümün ağı varsa, gözümün qarası var…
Mən döyüşdən çıxmışam, köksümün yarası var,
Odur yarama məlhəm, yarama bük Bayrağı,
Bu bir Türk Bayrağıdır, oğlum, bir Türk Bayrağı!

Bayraq varsa, sən varsan, bu torpaq var, mən varam,
Onun endiyi yerdə ölmək haramdı, haram.
O Bayrağı qaynayan qanımla suvararam,
Köksümdəki yaramda, bağrımda ək Bayrağı,
Bu bir Türk Bayrağıdır, oğlum, bir Türk Bayrağı!

Bu gün qəvi düşmənə səngərdə sinə gərrəm,
Sabah öz sıramdakı yerimi sənə verrəm.
Mən onda, əziz balam, bu yurdu, səni görrəm,
Başının üstündə tut həmişə dik Bayrağı,
Bu bir Türk Bayrağıdır, oğlum, bir Türk Bayrağı!

O yurdun qibləgahı, o yurdun Məkkəsidir,
Bu can onun əsiri, ruh onun köləsidir,
O Tanrının vergisi, O Haqqın kölgəsidir,-
Odur xalqın düşmənə son sözü, görk Bayrağı,
Bu bir Türk Bayrağıdır, oğlum, bir Türk Bayrağı!..


İ.R.




Facebook'da Paylaş