Ərdoğan: MEMATT-ların Azərbaycana tədarükü davam etdiriləcək

21-10-2021, 16:44

Ərdoğan: MEMATT-ların Azərbaycana tədarükü davam etdiriləcək
Türkiyənin ASFAT şirkətinin istehslı olan MEMATT mexaniki minatəmizləmə maşınlarının Azərbaycana tədarükü davam etdiriləcək.

Ordum.az-ın məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Afrikadan qayıdarkən jurnalistlərin sualının cavabında bildirib.

Ərdoğan MEMATT mexaniki minatəmizləmə maşınlarının Azərbaycana tədarükü ilə bağlı danışarkən bildirib ki, MEMATT-ın növbəti partiyaları da Azərbaycana təhvil veriləcək. Onun sözlərinə görə, Azərbaycanda minatəmizləmə əməliyyatlarında uğurla istifadə edilən MEMATT maşınlarının imkanları yüksək qiymətləndirilir.

Türkiyə Prezidenti həmçinin, MEMATT mexaniki minatəmizləmə maşınlarının Azərbaycandan sonra Qərbi Afrika ölkələri olan Burkina-Faso və Toqoya da ixrac edildiyini qeyd edib. Hər iki ölkəyə iki ədəd MEMATT ixrac edildiyini deyən Rəcəb Tayyib Ərdoğan bu ölkələrin də minatəmizləmə maşınlarından razı qaldıqlarını vurğulayıb.

Qeyd edək ki, Azərbaycan Vətən müharibəsindən sonra işğalçı Ermənistan silahlı qüvvələri tərəfindən minalanmış ərazilərin təmizlənməsi əməliyyatları üçün MEMATT-ların istifadəsinə qərər verib. Bu məqsədlə Azərbaycan Müdafiə Nazirliyi ilə Türkiyənin ASFAT şirkəti arasında 20 ədəd MEMATT maşının tədarükünə dair müqavilə bağlanılıb. Artıq MEMATT mexaniki minatəmizləmə maşınlarının iki partiyası Azərbaycana gətirilib və işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsində istifadə edilir.




Facebook'da Paylaş