5 hərbi qulluqçu Ermənistana qaytarıldı: İrəvan Bakıya nə təhvil verir?

21-10-2021, 15:05

5 hərbi qulluqçu Ermənistana qaytarıldı: İrəvan Bakıya nə təhvil verir?
Bir neçə gün öncə Azərbaycan axşam saatlarında müharibədən sonra həbs edilən daha 5 erməni hərbi qulluqçu Ermənistana qaytarılıb. Həmin erməni hərbçilərin Azərbaycan Ordusuna qarşı ağır cinayətlər və zorakılıq əməlləri törətmədikləri məlum olub. Bu, Azərbaycan tərəfinin növbəti humanitar addımı kimi qiymətləndirilir.

Beləliklə, Azərbaycanın müharibədən sonra Ermənistana təhvil verdiyi əsirlərin sayı 114-ə çatıb. Ermənistan tərəfi isə 15 nəfəri Azərbaycana təhvil verib.

Diqqətəlayiqdir ki, Azərbaycanın humanitar addım atmasından sonra üçtərəfli görüş keçirilib. Dünən Moskvada Ermənistan, Rusiya və Azərbaycan Baş nazir müavinlərinin üçtərəfli komissiyasının növbəti iclası keçirilib. Görüşdə Cənubi Qafqaz regionunda nəqliyyat kommunikasiyalarının bərpasının perspektivləri, Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya prezidenti Vladimir Putinin yanvarın 11-də qəbul etdikləri 4 maddəlik birgə bəyanat çərçivəsində görülən işlərin gedişatı müzakirə edilib. Moskva görüşündə Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev, Ermənistan Respublikasının Baş nazirinin müavini Mher Qriqoryan və Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçuk iştirak ediblər.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev, Rusiyanın dövlət başçısı Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında 2021-ci il yanvarın 11-də Moskvada keçirilən danışıqlardan sonra üç ölkənin Baş nazir müavinlərinin rəhbərliyi altında İşçi Qrupun yaradılması barədə qərar qəbul edilib.

Baş nazirin müavini Mher Qriqoryan jurnalistlərlə keçirdiyi brifinqdə Moskvada keçirilən görüşə istinad edərək dəmir yolunun blokadan çıxarılması məsələsində müəyyən aydınlığın olduğunu qeyd edib: “Bəli, dəmir yolu ilə bağlı bəzi fikirlərimiz var, blokadan çıxarma tədbirlərinin MDB-nin qanunvericilik çərçivəsi çərçivəsində həyata keçiriləcəyi ilə bağlı ilkin razılaşmalarımız var”.

Ermənistan baş nazirinin müavininin sözlərinə görə, üçtərəfli işçi qrupu çərçivəsində, sovet dövründə işləyən bütün dəmir yollarının bərpası müzakirə olunur.

Sovet İttifaqı dövründə Ermənistan Azərbaycana iki istiqamətdə dəmir yolu və avtomobil yolu ilə bağlanırdı: İrəvan-Naxçıvan-Mehri, oradan Bakıya və İrəvan-İcevan-Qazax, oradan isə Bakıya və ya Tbilisyə.

Moskvadakı görüşün keçirilməsi əsnasında Prezident İlham Əliyev Zəngilan rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı Zəngəzur dəhlizi ilə bağlı vacib açıqlama verib. Prezident bildirib ki, Zəngəzur dəhlizi buradan keçir, dəmir yolu tikilir, avtomobil yolu – Horadiz-Ağbənd tikilir.

“Zəngəzur dəhlizinin açılması ilə bağlı son hadisələr onu göstərir ki, istədiyimizə nail oluruq”, - deyə dövlət başçısı bildirib.

Firuz Bağırov




Facebook'da Paylaş