“TÜRKSOY Media Mükafatı” alan media təmsilçiləri Şuşada
“TÜRKSOY Media Mükafatı” ilə təltif olunan yerli və xarici media təmsilçiləri Şuşa şəhərinin görkəmli yerləri ilə tanış olublar.Sentyabrın 26-da Mədəniyyət Nazirliyi və TÜRKSOY-un birgə təşkilatçılığı ilə “TÜRKSOY Media Mükafatı” ilə təltif olunan yerli və xarici media təmsilçilərinin Şuşa şəhərinə səfəri təşkil edilib.
AZƏRTAC xəbər verir ki, Mədəniyyət Nazirliyi aparatının rəhbəri Vasif Eyvazzadə, Trabzon Ortahisar Bələdiyyə sədri Ahmet Metin Genç, nazirliyin və TÜRKSOY-un məsul nümayəndələrinin iştirakı ilə yerli və xarici media təmsilçiləri Azərbaycanın mədəniyyət beşiyi olan Şuşada tarixi-mədəni abidələrlə, erməni vandalizminə məruz qalmış məscidlərlə, eləcə də qədim şəhərin görkəmli yerləri ilə tanış olublar.
Səfər çərçivəsində yerli və xarici media təmsilçiləri Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinin baş meydanı “Bazarbaşı”nı, erməni vandalizminə məruz qalmış “Güllələnmiş heykəllər”i, Şuşa Bəyannaməsinin imzalandığı məkanı, Xurşidbanu Natəvanın evini, “Xan qızı bulağı”nı, Gəncə Qapısını, Aşağı və Yuxarı Gövhərağa məscidlərini, Cıdır düzünü, Vaqifin məqbərəsini, Bülbülün ev-muzeyini və digər mühüm yerləri ziyarət ediblər.
Qarabağın incisi olan qədim Şuşanın tarixi, mədəniyyəti, dahi şəxsiyyətləri və bu gün ölkə rəhbərliyinin tapşırığı ilə burada aparılan quruculuq işləri barədə media nümayəndələrinə geniş məlumat verilib.
Qeyd edək ki, sentyabrın 25-də Beynəlxalq Muğam Mərkəzində 44 günlük Vətən müharibəsi dövründə Azərbaycanda yaşanan tarixi hadisələri, Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə obyektiv çatdıran və yayımlayan yerli və xarici media təmsilçilərinə “TÜRKSOY Media Mükafatı-2020”i təqdim edilib. Mükafat şəhid jurnalistlər Məhərrəm İbrahimov və Sirac Abışovun ailə üzvlərinə verilib. Həmçinin Türkiyə, Qazaxıstan, Xorvatiya, Azərbaycan, Özbəkistan və Qırğızıstandan olan jurnalistlər də bu mükafata layiq görülüblər.
Facebook'da Paylaş