FHN əməkdaşları NATO təlimində iştirak etdilər
NATO-nun Avro-Atlantik Fəlakətlərin İdarə Olunması Mərkəzi və Şimali Makedoniya Respublikasının birgə təşkilatçılığı ilə sentyabrın 20-dən 23-dək fəlakət nəticələrinin idarə olunması sahəsində “Şimali Makedoniya – 2021” təlimi keçirilib.
Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Ordum.az-a bildiriblər ki, təlimin əsas məqsədi fövqəladə hallara hazırlıq və onların qarşısının alınması, cavabvermə tədbirlərinin planlaşdırılması və həyata keçirilməsinin təkmilləşirilməsi, eləcə də NATO-nun Təhlükəsizlik və Sülh üçün Elmi Proqramı tərəfindən hazırlanmış “Yeni Nəsil Fəlakətlərin İdarəedilməsi Sistemi”nin (NICS) Şimali Makedoniyada sınaqdan keçirilməsi olub.
Beynəlxalq təlimdə NATO-ya üzv və tərəfdaş ölkələrin axtarış-xilasetmə komandaları, beynəlxalq təşkilatların, Şimali Makedoniyanın dövlət və qeyri-hökumət orqanlarının nümayəndələri iştirak ediblər. Təlimdə ölkəmizi FHN-in Baş əməliyyat idarəsinin rəis müavini polkovnik Ələsgər Əliyevin rəhbərlik etdiyi nazirliyin Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin bir qrup üzvü və fəxri qonaq qismində Mülki müdafiə işinin təşkili Baş idarəsinin Mülki müdafiə tədbirlərinin təşkili idarəsinin rəisi polkovnik Fərhad Səmədov təmsil ediblər.
FHN Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin üzvləri təlimlərdə əsas planlaşdırma qrupunda və sahə əməliyyatlarını koordinasiya mərkəzində yer almaqla yanaşı, qiymətləndirici qismində də uğurla iştirak ediblər. Bundan əlavə, FHN-in əməkdaşları masaüstü təlimdə də fərqləniblər.
Təlimin sonunda iştirakçılara sertifikatlar verilib.
Facebook'da Paylaş