Türkiyədə Şirin Mirzəyevin adına park salındı
Türkiyədə Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsində şəhid olmuş Şirin Mirzəyevin adına park salınıb. Bu gün parkın açılış mərasimi olacaq.
Şuşanın Mirzələr kəndindən olan Şirin Mirzəyev 1947-ci il yanvarın 5-də Xankəndində dünyaya göz açıb.
Nizami adına beynəlmiləl orta məktəbi bitirdikdən sonra hərbi xidmətə gedib. Bir müddət Bakıda yerləşən Daxili Qoşunlar alayında xidmət etdikdən sonra 1967-ci ildə Leninqrad şəhərindəki Ali Siyasi Hərbi məktəbə qəbul olunub və 1971-ci ildə hərbi təhsilini müvəffəqiyyətlə başa vurub təyinatla İrəvana göndərilib. 5 il orada xidmət etdikdən sonra Bakıya qayıdıb. 1988-ci ildə Hərbi Siyasi Aakdemiyada təhsil alaraq, Daxili Qoşunlar alayında 15 illik xidmət yolu keçib.
1991-ci ilin oktyabr ayında bütün maneələrə və təqiblərə baxmayaraq, polkovnik-leytenant Şirin Mirzəyev respublikamızda ilk nizami özünümüdafiə batalyonunu yaradıb. Bu, o dövr üçün çox zəruri bir addım idi. Artıq 1992-ci ilin may ayında üç tabordan ibarət alay yaradılıb. Ş.Mirzəyev Ağdam rayonunun həm hərbi komissarı və həm də alay komandiri kimi məsul vəzifələri çox bacarıqla yerinə yetirib.
1992-ci il mart ayının 28-də Şirin Mirzəyevin və onun tərəfdarlarının səyi nəticəsində respublikada 1-ci olan tabor yaradılıb və polkovnik-leytenant Şirin Vəli oğlu Mirzəyev Ağdam rayon ərazi özünümüdafiə taborunun komandiri seçilib. Onun sərkərdəlik qabiliyyəti nəticəsində Fərrux, Pircamal, Qazançı, Ballıqaya, Qaraşlar, Bəşirli, Sirxavənd, Ağbulaq, Dəhraz, Naxçıvanik kəndləri erməni quldurlarından azad edilib.
Ş.Mirzəyev həmişə ön xəttə olub. Onun bu keyfiyyəti alayın bütün üzvlərini cəsarətləndirib. Ş.Mirzəyevin özünün şəxsi nümunəsi, hərbi qanunlara ciddi riayət etməsi, hər bir əsgərə fərdi qayğısı və tələbkarlığı sayəsində bütün nöqsanlar aradan qaldırılıb. O, 18 iyun 1992-ci ildə Sırxavənd istiqamətində aparılan döyüş əməliyyatı zamanı minaya düşərək həlak olub.
Ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı ilə təltif edilib. Və 1993-cü il fevral ayının 5-də Şirin Mirzəyevin şəxsi təşəbbüsü ilə yaradılmış tədris taboru ləğv edilib.
Qeyd edək ki, Onun adına Bakı şəhərində küçə var. Xidmət etdiyi 836-cı hərbi hissənin həyətində abidəsi qoyulub.
Facebook'da Paylaş