Deputat: “Türmə təmir edilməli, erməni cinayətkarlar ora doldurulmalıdır!”
İşğaldan azad edilən Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan olunandan sonra burada yerləşən türmənin sökülməsi barədə təkliflər səsləndirilir. Bəzi mədəniyyət xadimlərinin fikrincə, işğala qədər qatı cinayətkarların saxlanıldığı həbsxana binası indi Şuşa şəhərinə yaraşmadığından onu ləğv etmək lazımdır.
Milli Məclisin 124 saylı Şuşa-Ağdam-Xocalı- Xocavənd seçki dairəsindən seçilmiş deputatı Elman Məmmədov isə bu təkliflə razı deyil.
Deputat bildirib ki, “Şuşadakı türmə təmir edilməli və erməni cinayətkarların hamısı ora doldurulmalıdır.
E.Məmmədov deyib ki, erməni cinayətkarlar işğal müddətində həmin türmədə azərbaycanlılara verdikləri əzab-əziyyətin eynisini yaşamalıdırlar:
“Azərbaycanın günahsız insanlarına əzab-əziyyət, işgəncə verən erməni cinayətkarlar - koçaryanlar, sərkisyanlar, balasanyanlar Azərbaycan qanunları ilə mühakimə olunub, cəzalarını orada çəkməlidirlər. Şuşa türməsi tarixi yerdir. Yeni tariximizdə keçmişimizə ləkə vuran işğalçı cinayətkarlar, hərbi canilər, qatillərin hamısını ora doldurub cəzalarını çəkdirməliyik”.
Xatırladaq ki, Şuşa türməsi Çar Rusiyası dövründə - XIX əsrin ortalarında Xan qızı Natəvanın vəsaiti hesabına inşa edilib. Bəzi məlumatlara görə, buna qədər şuşalı məhkumlar Gəncə şəhərində yerləşən həbsxanada saxlanılırdı. Qohumları, yaxınları onlara baş çəkmək üçün uzun yol qət edərək, Gəncəyə getməli olurdular. Bunu nəzərə alan Xan qızı şuşalıları, eləcə də ətraf ərazilərdə yaşayan insanları əziyyətdən qurtarmaq üçün Şuşada həbsxananın inşası üçün vəsait ayırıb.
Həbsxana Şuşa qalasının şərq tərəfində yerləşir, qalanın aşağı divarları həbsxanaya söykənir. SSRİ dövründə qapalı tipli cəzaçəkmə müəssisəsi kimi fəaliyyət göstərib.
Facebook'da Paylaş