Ağ ev Əfqanıstandan Amerika vətəndaşlarını çıxaracağını vəd edib
Ağ evin qərargah rəisi Ron Kleyn bildirib ki, əgər Əfqanıstanda qalmış amerikalılar oradan getmək istəsələr, Birləşmiş Ştatlar həmin şəxsləri oradan çıxarmaq üsulunu tapacaq.
ABŞ Konqresinin Respublikaçılar Partiyasından olan aparıcı üzvü Maykl MakKol isə deyib ki, taliblər təxliyə ediləcək şəxslərin Kabil aeroportundan maneəsiz çıxarılmalarına imkan vermirlər.
Ron Kleyn CNN telekanalının “İttifaqın Vəziyyəti” verilişində bu barədə çıxış edib. O bildirib ki, Ağ evin məlumatına görə, avqustun 31-də - Amerika qoşunlarının Əfqanıstandan çıxarılması tamamilə başa çatdırılan gün 100-ə yaxın amerikalı Əfqanıstanda qalıb.
Kleyn deyib: “Əgər həmin şəxslər Əfqanıstanı tərk etmək istəsələr, biz onları təxliyə etmək üsullarını tapacağıq”.
Bayden administrasiyası güman edir ki, Kabil aeroportundan Qətərə uçuşlar bərpa olunandan sonra bu şəxslərin təxliyə edilməsi mümkün olacaq.
ABŞ-da aparılmış ictimai rəy sorğuları göstərir ki, amerikalılar Baydenin ABŞ qoşunlarının Əfqanıstandan çıxarılması barədə qərarını dəstəkləyirlər, lakin hərbi qulluqçuların çıxarılması prosesinin xaotik olmasına görə Baydeni tənqid edirlər.
Xatırladaq ki, ötən həftə “İD-Xorasan” qruplaşması tərəfindən aeroportda törədilmiş terror aktı nəticəsində 13 nəfər amerikalı hərbi qulluqçu öldürülüb.
Facebook'da Paylaş