GÖZÜN AYDIN, MÜBARİZ!
2019-cu ildə Milli Qəhrəman Mübariz İbrahimovla bağlı yazı müsabiqəsində mən də yer tutmuşdum. Müsabiqə ADU-nun vətənpərvər tələbəsi Şahin Sərdarlının təşəbbüsü ilə təşkil edilmişdi. ADU-da keçirilən anım mərasimində birinci yerin qalibi o incə tələbə qız göz yaşıyla danışırdı. Hətta universitetin rektoru, akademik Kamal Abdulla “Vətən sağ olsun!” deyə, onu sakitləşdirməyə çalışdı. Qızın isə göz yaşı selə dönmüşdü... O qızı unuda bilmirəm. O qız səni necə sevir, Mübariz! Səni bütün türk dünyası, Vətəni, ananı, bayrağı sevən hər kəs sevir, Mübariz! Sən Şəhidlərin sərvəri kimi Vətən sevgisi ilə tarix yazdın. Səni niyə bu qədər çox sevirəm, Mübariz.?! Mən də bu yazını göz yaşına bələdim... Hər sənin adın gələndə qürurdan gözlərim dolur, necə ki, bayrağımız Zəfər deyə, Vətənimi qucaqlayanda, möhtəşəm himnimiz ürəyimi dalğalandıranda, Şəhidlərimiz son nəfəslərində Vətən! Qarabağ! deyəndə, qazilərimiz gülümsəyəndə olduğu kimi... Səni çox sevirəm, Mübariz, o gün mən də susa bilmədim. Söylədim ki,
Bilirsinizmi
Kimdi qəhrəman?
Savaşda verməz
Düşmənə aman.
Özünü atar
Odun içinə.
Qırar düşməni
Tək öz gücünə.
Tariximizdə
Qoydu şanlı iz.
Adı Mübariz,
Özü Mübariz!Sonra səhnədə qaliblərdən biri qulağıma pıçıldadı. Bu şeir dərsliyə salınıbmı?
Mübariz, Səni o qədər çox sevirəm ki, atan, dağ vüqarlı Ağakərim kişi yuxuma gəlmişdi bir dəfə... Atana, anana, doğulduğun torpağa, can verdiyin, canım kimi sevdiyim Tərtərə, Qarabağa, səni yetirən Vətənə- anamız AZƏRBAYCANA qurban olum, Mübariz!!! Vətən sağ olsun! Qarabağ azaddır! Gözün aydın, MÜBARİZ!
Mina Rəşid
Facebook'da Paylaş