Şəhidimizin adı Bolnisidə əbədiləşdirildi

7-03-2021, 15:30

Şəhidimizin adı Bolnisidə əbədiləşdirildi


Gürcüstanın Bolnisi rayonunun Arıxlı (Naxiduri) kəndində Azərbaycan torpaqlarının işğaldan azad edilməsində qəhrəmanlıq göstərərək şəhid olan Bilal Xanlar oğlu Qəmbərovun adı əbədiləşdirilib.
Kənddə şəhidin xatirəsinə abidə qoyulub və bulaq tikilib. Martın 7-də abidənin açılışı olub. Açılış mərasimində Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşları, rayonun və kəndin ziyalıları, ağsaqqalları iştirak ediblər.
Səfirliyin əməkdaşı Anar Rəsulov tədbirdə çıxış edərək bildirib ki, Vətən müharibəsində Gürcüstanda yaşayan soydaşlarımız 15 şəhid veriblər.
Sonra Borçalı Azərbaycan Mədəniyyəti Mərkəzinin sədri, yazıçı-sair Əlixan Yəhyaoğlu, şəhidin dayısı İman Tanrıverdiyev, tədbirin əsas təşkilatçısı həkim Eyvaz İsayev və başqaları şəhidlə bağlı xatirələrini bölüşüblər.
Qeyd edək ki, 1993-cü il təvəllüdlü Bilal Qəmbərov 44 günlük müharibədə noyabrın 4-də Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. O, ölümündən sonra “Vətən uğrunda” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.




Facebook'da Paylaş