Müstəqilliyimizin 30 illiyini qələbə qazanmış xalq kimi qeyd edəcəyik
“Ermənistan düşmən dövlət kimi Azərbaycanda yaşayan hər bir xalqın nümayəndəsi üçün bir nömrəli hədəf idi. Dinindən, milli mənsubiyyətindən asılı olmayaraq, bizim bütün gənclərimiz ölümə gedirdilər. Bu, bizim böyük sərvətimizdir. Ona görə bu sahəyə çox böyük diqqət verilməlidir və Azərbaycan, - necə ki, biz bu gün dünya miqyasında multikulturalizm mərkəzlərindən birinə çevirmişik, - bundan sonra da həm ölkə daxilində, həm də beynəlxalq fəaliyyətdə daim bu məsələyə diqqət yetirməlidir”.
Ordum.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının (YAP) Sədri İlham Əliyev YAP-ın qurultayında yekun nitqində deyib.
Dövlət başçısı bildirib:
“Biz bu il müstəqilliyimizin 30 illiyini qeyd edəcəyik. Mən giriş sözümdə bu məsələ ilə bağlı öz fikirlərimi dedim. Bir daha demək istəyirəm ki, 30 ildən sonra biz bu günü qürur hissi ilə qarşılayırıq. Biz müstəqilliyimizin 30 illiyini Qələbə qazanmış, Zəfər çalmış xalq kimi, dövlət kimi qeyd edəcəyik. Müstəqilliyimizin möhkəmləndirilməsi işində bundan sonra da fəaliyyət göstəriləcəkdir. Bu, əbədi prosesdir. Müstəqillik deyəndə təbii ki, mən real müstəqilliyi nəzərdə tuturam. Burada da Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, tam müstəqil şəkildə öz daxili, xarici siyasətini aparır, öz dostlarını özü seçir, heç kimin qabağında baş əymir, heç kimə hesabat vermir. Ancaq Azərbaycan xalqının iradəsi Prezident kimi mənim üçün əsas məsələdir. Son illərin tarixi göstərdi ki, bütün cəhdlərə baxmayaraq, heç kim Azərbaycanı öz müstəqil yolundan döndərə bilmədi. Nə qədər cəhdlər göstərildi ki, bizi bu və ya digər avantüraya cəlb etsinlər, bizi təhrik etsinlər, hətta bəzi dost ölkələrlə bizim aramıza girsinlər. Bu cəhdlər çox olub. Sadəcə olaraq, geniş ictimaiyyət bundan xəbərsizdir. İstisna edilmir ki, bundan sonra da çox olacaq. Ancaq biz müstəqil siyasət apararaq bütün bu cəhdləri alt-üst edirik. Buna görə müstəqilliyin bundan sonra da möhkəmləndirilməsi işində partiyamız və bütün cəmiyyətimiz fəal olmalıdır.
Əlbəttə ki, biz dövlət müstəqilliyini əldə edəndə, - mən bu məsələ ilə bağlı öz fikirlərimi bildirdim, - müstəqilliyimiz şərti xarakter daşıyırdı. Müstəqillikdən dörd ay sonra Ermənistan bizə qarşı Xocalı soyqırımını törətdi. Müstəqillikdən yeddi ay sonra Şuşa və Laçın işğal altına düşdü. Yəni, müstəqilliyimizin ilk illəri faciəvi illər idi və biz müstəqilliyi tamamilə itirə bilərdik. İndi isə - 30 ildən sonra biz ərazi bütövlüyünü bərpa etmiş ölkə kimi, Ermənistanı məğlub etmiş ölkə kimi bu yubileyi qarşılayırıq. Müharibə ilə bağlı bəzi yerlərdə gedən müzakirələrdən görürəm deyirlər ki, biz yeddi rayonu azad etmişik. Elə deyil. Biz, eyni zamanda, Şuşanı azad etmişik, eyni zamanda, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin keçmiş Hadrut rayonunu tam azad etmişik. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin keçmiş Martuni, indiki Xocavənd rayonunun 50 faizdən çox hissəsini azad etmişik. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin keçmiş Mardakert, indiki Ağdərə rayonunun böyük hissəsini azad etmişik, o cümlədən Suqovuşan qəsəbəsini. Biz təkcə yeddi rayonu azad etməmişik. Daha çox ərazini azad etmişik və bu gün yaratdığımız reallıq artıq dünya tərəfindən qəbul edilir. Bir daha demək istəyirəm ki, bu reallığı biz yaratmışıq - güc hesabına, iradə hesabına, birlik hesabına.
Müharibənin nəticələrindən biri də əlbəttə ki, bu gün müzakirə mövzusu olan Zəngəzur dəhlizidir. Zəngəzur dəhlizi tarixi nailiyyətdir. Üçtərəfli Bəyanatda xüsusilə bu məsələnin əks olunması bizim, eyni zamanda, böyük siyasi qələbəmizdir. Hazırda Zəngəzur dəhlizinin fəaliyyəti istiqamətində fəal işlər aparılır, bir çox təkliflər var, artıq bir çox nəqliyyat-kommunikasiya layihələri masa üzərindədir, müzakirə edilir və bu, bizim növbəti tarixi uğurumuz olacaqdır.
Müstəqillik bizim ən böyük sərvətimizdir, ən böyük dəyərimizdir. Müstəqillik illərində biz bir amalla yaşayırdıq ki, doğma torpağımızı düşmənin əlindən alaq, işğaldan azad edək və ərazi bütövlüyümüzü bərpa edək. Biz buna nail olduq.
Beləliklə, bir çox hallarda dediyim kimi, bugünkü qurultayı da bu sözlərlə yekunlaşdırmaq istərdim: “Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”.
Facebook'da Paylaş