İlham Əliyev: "Azəri", "Çıraq" və "Günəşli" yataqlarının işlənməsində yeni dövr başlayır

14-09-2017, 09:46



Azəri", "Çıraq" və "Günəşli" nəhəng neft yataqlarının işlənməsində yeni dövr başlayır.
Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev “Azəri”, “Çıraq” və “Günəşli” yataqları üzrə yeni sazişin imzalanması mərasimində çıxışı zamanı deyib.


Dövlət başçısı qeyd edib ki, bu gün əlamətdar və tarixi bir gündür:
"Azəri", "Çıraq", "Günəşli" nəhəng neft yataqlarının işlənməsində yeni dövr başlayır. Bu tarixi mərasimdə bizimlə bərabər iştirak etmək üçün xaricdən gələn bütün qonaqları səmimiyyətlə salamlayıram. Onların bu tədbirdə iştirakı bir daha bugünkü mərasimin önəmini əks etdirir".
İlham Əliyev bildirib ki, bu gün imzalanacaq sazişin Azərbaycan üçün çox böyük əhəmiyyəti var:
"Azəri", "Çıraq", "Günəşli" neft yataqlarının işlənməsi 2050-ci ilə qədər uzadılır. Yeni imzalanacaq saziş Azərbaycan üçün daha da əlverişlidir. Baxmayaraq ki, 1994-cü ildə imzalanmış müqavilə də bizim maraqlarımızı tam təmin edirdi, bu dəfə isə daha da yaxşı şərtlərlə saziş imzalanır. Bunun bir neçə əsas parametrlərini diqqətinizə çatdırmaq istəyirəm. Saziş imzalanandan sonra ölkəmizə xarici investorlar tərəfindən 3,6 milyard dollar həcmində bonus ödəniləcək. SOCAR-ın "AzACG" şirkəti podratçı kimi sazişin icrasında iştirak edəcək. SOCAR-ın payı 11,6 faizdən 25 faizə qaldırılır və Azərbaycana çatacaq mənfəət neftinin səviyyəsi 75 faiz təşkil edəcək. Əlbəttə ki, sazişin bir çox müddəaları var və bu əsas şərtlər artıq göstərir ki, Azərbaycanın gələcək inkişafı üçün, bizim maliyyə imkanlarımızın genişləndirilməsi üçün bu sazişin çox böyük əhəmiyyəti var. Eyni zamanda onu da qeyd etməliyəm ki, 23 il ərzində sazişin icrası da çox uğurlu idi və bu illər ərzində 436 milyon ton neft “Azəri”, “Çıraq”, “Günəşli”dən hasil edilib.


Yaxşı xatırlayıram ki, 1994-cü ildə müqavilə imzalananda təxmin edilən neft ehtiyatları 511 milyon ton müəyyən edilmişdir. Ancaq bugünkü məlumat – əminəm ki, bu, son məlumat deyil, ehtiyatlar daha da artacaq – onu göstərir ki, hələ də “Azəri”, “Çıraq”, “Günəşli”də hasil edilməmiş təxminən 500 milyon ton neft ehtiyatı vardır. Yenə də qeyd etmək istəyirəm ki, bu, ilkin hesablamalardır. Əminəm ki, sazişin icrası müddətində bu rəqəm daha da artacaq".
Azərbaycan Prezidenti xatırladıb ki, 23 il bundan əvvəl ölkəmizin tarixində çox əlamətdar hadisə baş verdi: "Bakının “Gülüstan” sarayında ümummilli lider Heydər Əliyevin sədrliyi ilə “Əsrin müqaviləsi”nin imzalanması mərasimi keçirilmişdir və bu, ölkəmizin uğurlu inkişafına təkan vermişdir. O günləri mən çox yaxşı xatırlayıram, o günlər mənim gözümün qabağındadır. Doğrudan da Azərbaycan öz tarixində ən önəmli addımlardan birini atdı".
Dövlət başçısı vurğulayıb ki, “Əsrin müqaviləsi”nin imzalanması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.




Facebook'da Paylaş