İran parlamenti rəhbərliyindən Azərbaycana Zəfər təbriki

16-02-2021, 20:35

İran parlamenti rəhbərliyindən Azərbaycana Zəfər təbriki


Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, fevralın 16-da Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov ölkəmizdə səfərdə olan İran İslam Respublikası İslam Şura Məclisinin Milli təhlükəsizlik və xarici siyasət komissiyasının sədri Müctaba Zünnurinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Ölkələrimiz arasındakı sıx münasibətlərdən söz açan Səməd Seyidov xüsusilə 44 günlük Vətən müharibəsi dövründə və müharibədən sonra İran İslam Respublikasının Azərbaycanın haqq işini və öz ərazi bütövlüyünü bərpa etməsini dəstəklədiyini qeyd edərək bunun ölkəmiz üçün tarixi əhəmiyyətə malik olduğunu vurğulayıb. Bildirib ki, İran tərəfdən Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən çıxışlar və bəyanatlar həm müharibədən öncə, həm də müharibə zamanı və sonra təkrar-təkrar verilib. Xüsusilə, noyabrın 3-də və 4-də İran liderlərinin verdikləri bəyanatlar Azərbaycan xalqı arasında yüksək rəğbət qazanıb və Azərbaycan-İran münasibətlərinə ciddi təsir göstərib. Təsadüfi deyildir ki, torpaqlarımız işğaldan azad olunduqdan az sonra həmin bölgələri, Xudafərin körpüsünü ziyarət edən Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan-İran sərhədini dostluq sərhədi adlandırıb və bu sərhədin iki xalq arasında yalnız və yalnız inkişafa və dostluğa xidmət edəcəyini xüsusi vurğulayıb.
Görüşdə nümayəndə heyətinin başçısı, İran İslam Şura Məclisinin Milli təhlükəsizlik və xarici siyasət komissiyasının sədri Müctaba Zünnuri İran parlamentinin rəhbərliyi və bütün deputatlar, İran xalqı adından Azərbaycan xalqına böyük Zəfər münasibətilə təbriklərini çatdırıb. Beynəlxalq miqyasda İrana qarşı məsələlərdə Azərbaycanın İrana verdiyi dəstəyə görə minnətdarlıqlarını ifadə edib.
Müctaba Zünnuri ölkəmizlə hər sahədə daha sıx əməkdaşlıq əlaqələri qurmaq niyyətində olduqlarını bildirib. Qarabağın yenidən qurulmasında İran şirkətlərinin mühüm layihələrlə iştirak etmək arzusunu, işğal dövründə ermənilər tərəfindən dağıdılmış Azərbaycan məscidlərinin bərpasını təmənnasız həyata keçirmək istədiklərini vurğulayıb. Tikinti-quruculuq işləri üçün böyük potensiala malik olduqlarını deyib. Ölkələrimiz arasında inşa olunan nəqliyyat dəhlizlərindən və s. danışıb. Qeyd edib ki, coğrafi mövqeyinə görə Azərbaycan Şərqlə Qərbin ürəyində yerləşir və bu iki qütbü birləşdirə bilər.
Görüşdə İran İslam Respublikasının Azərbaycandakı səfiri Seyid Abbas Musəvi və digər rəsmi şəxslər iştirak ediblər.




Facebook'da Paylaş