Azərbaycan-Misir münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyub

10-06-2024, 21:07


Azərbaycan-Misir münasibətləri qədim tarixi köklər əsasında inkişaf edib. Ortaq mədəniyyətə malik iki dost ölkə arasında hələ Orta əsrlərdən xalqlararası əlaqələr qurulub. Keçmiş sovetlər dönəmində belə qorunub-saxlanan bu əlaqələr müstəqillik illərində daha da möhkəmlənib.
Ən yüksək səviyyəli qarşılıqlı səfərlər Azərbaycan dövlətinin beynəlxalq əlaqələrinin genişlənməsinə mühüm töhfə verməkdədir. Azərbaycanın çoxşaxəli xarici siyasətində əsas istiqamətlərdən birini də ərəb dövlətləri ilə əlaqələr təşkil edir. Azərbaycanın müstəqil dövlət kimi yürütdüyü xarici siyasət kursunda mühüm faktor olan islam ölkələri sırasında Misir başlıca yerlərdən birini tutur. Ölkəmizin ərazi bütövlüyü məsələsində hər zaman respublikamızı müdafiə edən Misir Ərəb Respublikası İkinci Qarabağ müharibəsindəki Zəfər savaşı günlərində və ondan sonra da Azərbaycanın haqlı mövqeyinə dəstək verib. İslam Konfransı Təşkilatı və digər beynəlxalq qurumlarda da Azərbaycan həmişə rəsmi Qahirənin dəstəyini qazanıb. Siyasi-mədəni əlaqələrlə yanaşı, son illər Azərbaycanla Misir arasında iqtisadi əlaqələr də yüksək səviyyədədir.
Ümummilli Lider Heydər Əliyev 1994-cü ildə BMT-nin Əhali və İnkişaf üzrə Beynəlxalq Konfransında iştirak etmək üçün Qahirədə işgüzar səfərdə olarkən Misir Prezidenti ilə görüşüb. Prezidentlərin bu görüşündə Azərbaycan-Misir münasibətlərinin yeni perspektivlərinin müəyyənləşdirilməsi istiqamətində çox mühüm məsələlər müzakirə edilib. Ulu Öndər Heydər Əliyevin əlaqələri inkişaf etdirmək istiqamətində həyata keçirdiyi siyasətin nəticəsi olaraq 2005-ci il noyabrın 6-13-də Misirdə Azərbaycan və 2006-cı il noyabrın 20-28-də Azərbaycanda Misir Mədəniyyəti Günləri keçirilib.
Ölkə başçısı cənab İlham Əliyevin bu günlərdə Misirə uğurla baş tutan rəsmi səfəri ölkələrimiz arasında münasibətlərin inkişafında yeni səhifə açır. Səfərin məqsədi ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə verməkdir. Səfərin gündəliyi kifayət qədər geniş olub. Bir sıra mühüm görüşlər keçirilib. Yeni sənədlər imzalanıb. Ticarət dövriyyəsi bir neçə dəfə artıb. İmzalanmış sənədlər, əldə edilmiş razılaşmalar ticarət dövriyyəni artıracaqdır. İlk növbədə, energetika, bərpaolunan enerji növlərinin istehsalı, neft sənayesi, əczaçılıq, alüminium sənayesi sahələrində və digər sahələrdə yaxşı nəticələr əldə etmək mümkün olacaqdır.
Prezident cənab İlham Əliyev öz çıxışında qeyd edib ki, beynəlxalq məsələlər istiqamətində ölkələr arasında fikir ayrılığı yoxdur və Beynəlxalq məsələlərin müzakirəsi zamanı aydın oldu ki, bütün beynəlxalq məsələlərdə fikrirlər üst-üstə düşür. Hər iki dövlər beynəlxalq təşkilatlar çərçivəsində, o cümlədən BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində fəal əməkdaşlıq edirlər və Misirin dəstəyi ilə Azərbaycan dörd il ərzində Qoşulmama Hərəkatına sədrlik edib.
Dövlər başçısı bildirib ki: “Fələstin-İsrail münasibətlərinin tənzimlənməsi və müstəqil Fələstin Dövlətinin yaradılması bizim Qoşulmama Hərəkatına sədrliyimiz dövründə hər zaman diqqət mərkəzində idi, bir çox tədbirlər keçirilmişdir və Azərbaycanın mövqeyi birmənalıdır – müstəqil Fələstin Dövləti qurulmalıdır, Şərqi Qüds onun paytaxtı olmalıdır.”
Bu gün Azərbaycan-Misir münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyub və bu, hər iki xalqın milli maraqlarına cavab verir. İki ölkə arasında münasibətlərin inkişafı üçün böyük potensial var və qarşılıqlı səfərlər əməkdaşlığın sürətlə genişləndirilməsi baxımından mühüm imkanlar yaradır. Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Misirə rəsmi səfəri ölkələrimiz arasında əməkdaşlığın dərinləşdirilməsinə yeni töhfələr verəcək.
8 iyun 2024-cü il tarixində imzalanmış Azərbaycan-Misir sənədləri:
•“Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə Misir Ərəb Respublikasının Gənclər və İdman Nazirliyi arasında gənclər və idman sahələrində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”;
•“Azərbaycan Respublikasının Bakı Şəhər İcra Hakimiyyəti ilə Misir Ərəb Respublikasının Qahirə Qubernatorluğu arasında dostluq və əməkdaşlıq haqqında Anlaşma Memorandumu”;
•“Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Misir Ərəb Respublikasının Elektrik və Bərpaolunan Enerji Nazirliyi arasında elektrik və bərpaolunan enerji sahələrində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”;
•“Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə Misir Ərəb Respublikasının Sərmayə və Azad Zonalar üzrə Baş Qurumu (GAFI) arasında 2024-2025-ci illər üzrə Birgə Fəaliyyət Planı”;
•“Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Misir Ərəb Respublikasının Neft və Mineral Ehtiyatlar Nazirliyi arasında əməkdaşlıq haqqında Niyyət Protokolu”;
•“Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Misir Ərəb Respublikasının Beynəlxalq Əməkdaşlıq Nazirliyi arasında təcrübə mübadiləsi haqqında Anlaşma Memorandumu”;
•“Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Misir Ərəb Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi arasında informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”.

Natavan ƏSƏDOVA,
Riyaziyyat üzrə fəlsəfə doktoru




Facebook'da Paylaş