Azərbaycan-NATO tərəfdaşlığı

19-03-2024, 12:43


Azərbaycan-NATO tərəfdaşlığı

NATO Azərbaycanla indiyə kimi mövcud olan tərəfdaşlığını daha da gücləndiririr

 NATO Cənubi Qafqaz ölkələri ilə də tərəfdaşlığa çox böyük diqqət göstərir. Cənubi Qafqaz ölkələri, xüsusi ilə də Azərbaycanla bu əməkdaşlığın olduqca səmərəli və yüksək olduğunu NATO rəsmiləri hər zaman qeyd ediblər. Martın 17-də NATO-nun Baş katibi Yens Stoltenberqin Azərbaycana səfəri qurumun ölkəmizlə əməkdaşlıqda nə dərəcdə maraqlı olduğunun daha bir göstəricisidir. Səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin NATO-nun Baş katibi Yens Stoltenberq ilə təkbətək görüşü olub. Sonra Prezident İlham Əliyev və Baş katib Yens Stoltenberq mətbuata bəyanatla çıxış ediblər. Azərbaycan Prezidenti bəyanatında deyib ki, Silahlı Qüvvələrimizdə aparılan islahatlar yaxşı nəticələr vermişdir. “Biz müdafiə imkanlarımızı müasirləşdiririk və bu gün yüksək səviyyəli peşəkarlıq nümayiş etdiririk”,- deyə dövlətimizin başçısı əlavə edib. Silahlı Qüvvələrimizin modernləşdirilməsində NATO ilə əlaqələrin qurulması önəmli rol oynayıb. Xatırladaq ki, Azərbaycan - NATO münasibətləri 1992-ci ilin martında Azərbaycanın bu təşkilatın Şimali Atlantika Əməkdaşlıq Şurası qurumuna üzv qəbul edilməsi ilə formalaşmağa başlayıb. Azərbaycan Respublikası Avropa və Avro-atlantik məkanda qeyri-sabitliyin, münaqişələrin və təhdidlərin aradan qaldırımlısında NATO ilə birgə işləyir və təhlükəsizliyin bölünməzliyi prinsipinə zidd coğrafi və siyasi ayrı-seçkilik olmadan Avropa və yerləşdiyi regionda vahid təhlükəsizlik sisteminin qurulması yükünü bölüşmək əzmindədir. Azərbaycan Respublikası Avro-atlantik Tərəfdaşlıq Şurası və NATO-nun “Sülh naminə tərəfdaşlıq” Proqramı çərçivəsində NATO ilə mümkün olan tərəfdaşlıq vasitələrindən tam gücü ilə istifadə edir. Şərqlə Qərb arasında körpü rolunu oynayan Azərbaycan tutduğu obyektiv mövqe və çıxış etdiyi qlobal əhəmiyyətli təşəbbüslər sayəsində öz beynəlxalq statusunu dayanmadan artırır. Bakının görüş və danışıqlar ünvanı kimi müəyyən olunması bilavasitə Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzuna işarə edir.

Hazırda Azərbaycanın Şimali Atlantika Alyansı ilə əməkdaşlığı faydalıdır. Prezident İlham Əliyevin başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti NATO-nun dövlət və hökumət başçıları səviyyəsində keçirilən toplantılarına dəfələrlə qatılıb. Toplantılar çərçivəsində Azərbaycan Prezident digər dövlət başçıları ilə görüşlər keçirib və iclaslarda çıxışlar edib. Martın 17-də isə Prezident İlham Əliyev bəyanatında NATO rəsmisinin diqqətinə Ermənistsnla hazırki sülh prosesi ilə bağğlı mövcud vəziyyəti də çatdırıb: “Hazırda isə biz Ermənistanla sülh danışıqlarının fəal mərhələsindəyik. Mənim Brüsselə sonuncu səfərim zamanı mətbuat konfransında bu məsələyə toxundum və qeyd etdim ki, Azərbaycan belə bir təşəbbüs irəli sürüb və biz Ermənistanın cavabını gözləyirik. Sülh danışıqlarına başlamağın bizim təşəbbüsümüz olduğunu bir daha bildirmək istərdim. Bu günədək sülh sazişinin layihəsinə dair ermənistanlı həmkarlarla 7 dəfə şərhlərin mübadiləsi baş tutub. Xarici işlər nazirləri və sərhədlərin delimitasiyası ilə bağlı Baş nazirlərin müavinləri arasında keçirilmiş görüşlər məsələnin həlli üçün yaxşı imkanın olduğunu nümayiş etdirir”. Bu gün Ermənistanın sərgilədiyi hərəkərlər Qərbə yönəlikdir. Ermənistanın baş naziri Nikol Paşinyan regionu açıq şəkildə Qərbin kəşfiyyat mərkəzinə çevrməklə, guya ki, Rusiya qoşunlarının Ermənistandan çıxarılmasına çalışırmış kimi görüntü yaratmaqla, NATO və Aİ-ni bölgəyə gətirmək istəyir. O, Rusiya rəsmiləri ilə münasibətlərdə gərginlik yaratmaqla bir tərəfdən Qərbdəki kuratorlarının tapşırığını yerinə yetirmiş olur, digər tərfdən də Rusiyanı şantaj edir, onu Azərbaycanla bağlı daha sərt davranmağa, Ermənistanın açıq müdafiə etməyə sövq edir. Əlbəttə Ermənistan özünün bu  addımlarını “ağıllı”, “hiyləgər” hesab edə bilər, amma nə Qərb, nə NATO, nə də Rusiya sadəlövh deyillər ki, bu cür primitiv və təhlükəli oyunlara inansınlar. 

Xatırladaq ki, NATO-nun 1994-cü ildən bu yana, demək olar ki, bütün zirvə toplantılarında da Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə olunmuşdur. NATO ölkələri tərəfindən Azərbaycanın ərazi bütövlüyünə dəstəyin verilməməsi üçün Ermənistan ciddi diplomatik səylər göstərmişdir. Hətta Ermənistan rəhbəliyi NATO rəsmiləri ilə görüşlərdə açıq şəkildə NATO-nun Azərbaycanın ərazi bütövlüyünə dəstək verməməsini istəmişlər. Ermənistan hər zaman beynəlxalq təşkilatların bir çox bəyannamələrində Cənubi Qafqazda münaqişələrin nizamlanması barədə ümumi müddəaların saxlanılmasına çalışımşdır. Bu gün isə Ermənistan sülh sazişinə dair danışıqlar prosesində süni maneələr yaratmağa çalışır.

 Ümumiyyətlə, NATO-nun Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri tərəfdaşlığı barədə strateji konsepsiyası var. Buna görə də NATO Azərbaycanla indiyə kimi mövcud olan tərəfdaşlığını daha da gücləndiririr. Həmçinin NATO rəsmiləri yeni bir tərəfdaşlıq proqramını da inkişaf etdirmək arzusunda  olduqların çox aydın şəkildə qeyd edirlər. Ümumi olaraq, NATO bu region ölkələr ilə tərəfdaşlığa çox böyük önəm verir. Əsasən də bu tərəfdaşlıq proqramı çərçivəsində narkotik qaçaqmalçılığı ilə mübarizə çox səmərəli şəkildə aparılır. Şübhəsiz ki, bundan sonra da NATO bu münasibətlərə xüsusi diqqət ayıracaq.




Paşazadə Kamal Çingiz oğlu

Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin violonçel ixtisası üzrə müəllimi, Azərbaycan Respublikasının Əməkdar müəllimi










Facebook'da Paylaş